Hüquqşünas Avropa Məhkəməsindən səhhətinə görə təcili qərar çıxarılmasını istəyir

Ələsgər Məmmədlinin səhhətində ciddi problemlər olduğu bildirilsə də, Apellyasiya Məhkəməsi onu həbsdə saxlayıb

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.

Turan-ın məlumatına görə, bu barədə Ələsgər Məmmədlinin qardaşı - siyasətçi Nəsimi Məmmədli bildirib.

Nəsimi Məmmədli deyib ki, istintaq təcridxanasında saxlanılan qardaşı Xətai Rayon Məhkəməsinin onun barəsində çıxardığı 4 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarından şikayət verib:

“Ələsgər Məmmədli qətimkan tədbirinin ev dustalığı ilə əvəz olunmasını tələb edir. Həbsdə olması onda aşkar olunmuş şişlərin təhlükəlilik dərəcəsinin müəyyən edilməsi məqsədilə həkimlərin tövsiyə etdiyi müayinələri tamamlamasına imkan vermir. Ələsgər qanuna zidd əməl törətməyib, buna görə də onun əleyhinə istifadə oluna biləcək ifadə verməmək hüququna uyğun olaraq ifadə verməkdən imtina edib” - Nəsimi Məmmədli bildirib.

AİHM-yə təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar işə təcili baxılmasını nəzərdə tutan 39-cu maddəyə uyğun olaraq şikayət verilib.

“İstanbul Hospital”ın həkimləri martın 8-də saxlanılan Ələsgər Məmmədlinin müxtəlif orqanlarında şişlər aşkar ediblər. Ən böyük - 22 mm-lik şiş qalxanabənzər vəzidə tapılıb. Klinikada aşkar edilmiş şişlərin biopsiyasını tövsiyə ediblər. Lakin istintaq təcridxanası şəraitində belə bir təhlili aparmaq mümkün deyil.

“Penitensiar Xidmətin xəstəxanasında lazımi avadanlıq yoxdur” - deyə Nəsimi Məmmədli bildirib.

Martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası ilə bağlı polis əməliyyat keçirib.

İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Əməliyyatlar çərçivəsində Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediliblər.

Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da polis nəzarətinə buraxılıblar.

Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Ələsgər Məmmədli həbs edildiyi gün onun mənzilində axtarış aparılıb, polis 7300 avro tapıldığını bildirib. Məmmədli bu pulun ona məxsus olmadığını deyir.

Martın 9-da Bakının Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin dörd ay istintaq təcridxanasında saxlanılması barədə qərar verib. Martın 15-də Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Məmmədli xarici valyutanın qanunsuz yolla Azərbaycana gətirilməsində ittiham olunur.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.

 

AbzasMedia