Fransa Azərbaycandakı səfirini geri çağırıb

Rəsmi Paris Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını açıqlayıb. Fransa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına görə, qərarın səbəbi "Azərbaycanın iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləridir".

Fransa tərəfi təfərrüatları açıqlamır.

Aprelin16-da səfir Ann Buayonu prezident Emmanuel Makron qəbul edib.

"O, [Makron] Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini və onlardan izahat eşitmək istədiyini bildirib", - məlumatda vurğulanır.

XİN əlavə edir ki, Fransa beynəlxalq hüquqa, habelə hər iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha təsdiqləyir.

Rəsmi Bakı Azərbaycan-Ermənistan sülh prosesində Fransanın hər hansı iştirakına qarşı çıxır. Bakı Parisi Ermənistana tərəfkeşlikdə ittiham edir.

Fransa və Azərbaycan arasında münasibətlər son aylarda gərginləşib. Ötən ilin sonunda tərəflər bir-birinin diplomatlarını arzuolunmaz şəxs elan ediblər.

 

AzadlıqRadiosu