Oktyabrın 2-də Polşanın paytaxtı Varşavada keçirilən İnsan Ölçüsü üzrə Varşava Konfransında Azərbaycanda davam edən repressiyalardan danışılıb.
ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Monika Yakobsenin çıxışında Azərbaycan hökumətini insan haqları ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.
“Azərbaycan bir sıra müstəqil jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və siyasi müxalifət nümayəndələrini, o cümlədən iqtisadçılar Qubad İbadoğlu və Fərid Mehralızadəni, jurnalistlər Ələsgər Məmmədli, Ülvi Həsənli və Sevinc Vaqifqızı, müxalif siyasətçi Tofiq Yaqublu, ictimai fəal Bəxtiyar Hacıyevi, hüquq müdafiəçisi Anar Məmmədli və sülh fəalı Bəhruz Səmədovu həbs edib. Azadlıq Radiosu və hökuməti tənqid edən digər müstəqil media orqanları hələ də bloklanmağa davam edir. Son bir ildə müstəqil onlayn media orqanlarının əksəriyyəti, o cümlədən Abzas Media, ToplumTV və Kanal13 bağlanıb.
Azərbaycanı beynəlxalq öhdəliklərinə və vədlərinə riayət etməyə, ədalətsiz həbs edilənləri azad etməyə çağırırıq” - Monika Yakobsen çıxışında bildirib.
Çıxışın sonunda iştirakçı dövlətlərin öz ölkələrindəki bütün fərdlərin, o cümlədən vətəndaş cəmiyyəti və müstəqil media üzvlərinin heç bir qisasa məruz qalmadan ifadə azadlığından istifadə edə bilməsinin və ictimaiyyətin məlumatı sərbəst əldə edə bilməsinin təmin edilməsinə çağırış edilib.
Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq sentyabrın 23-də yayımladığı yeni siyahıda ölkədə 319 siyasi məhbusun olduğu barədə məlumat verib.
Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edir.
AbzasMedia
Dövlət katibinin müavini: “Azərbaycan hökumətini ədalətsiz həbs edilənləri azad etməyə çağırırıq”