"Demokratiya 1918" Hərəkatı mətbuat konfransında üzvlərinə qarşı son təzyiqləri qeyd edib

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, noyabrın 13-də "Demokratiya 1918" Hərəkatı mətbuat konfransı keçirib. Mətbuat konfransında danışan hərəkatın İdarə Heyətinin üzvü Samir Sultanov son günlər hakimiyyət tərəfindən "hərəkata qarşı əks-addımlar" atıldığını bildirib. Onun sözlərinə görə Hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallıya və Hərəkatın İdarə Heyəti üzvü Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib, həmçinin Hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, daha sonra sərbəst buraxılıb.
"Hərəkatın gətirdiyi yeniliklər artıq sistemdə narahatlıqlar doğurmağa başlayıb. Bunlar arasında Həmkarlar İttifaqının yaradılması, eyni zamanda hərəkatın içində İşçi Masası və Tələbə Masası fəaliyyət göstərir. Ən əsası isə xarici siyasətə yeni və fərqli fikri diskurs etməsi mövcud siyasi sistemin narahatlığına səbəb olub," Samir Sultanov bidirib.

"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli mətbuat konfransında bildirib ki, o həbsdə olan zaman hərəkatın və özünün aktiv fəaliyyət göstərəcəyi təqdirdə hədəfə alınacağı ilə bağlı təhdidlər alıb. Hərəkat sədri deyib ki, həbslər onların "İşçi Masası"nı sıradan çıxarmaq üçün başlayıb. Məmmədlinin sözlərinə görə, onun özünə qarşı da təhdidlər başlayıb.
"Dünən Cəlilabad Rayon Prokurorluğundan zəng etdilər ki, sənin iyul ayında hərbi xidmətə görə təqdim etdiyin möhlət sənədlərində problem var, hətta biz o sənədləri əsassız hesab edirik, bununla bağlı məni prokurorluğa dəvət etdilər. Mən həbsdə olarkən hərbi xidmətə aparılacağımla bağlı təhdid olunmuşdum, mən isə heç bir halda bu sistemin qurduğu orduda xidmət etməyəcəyimi bildirmişdim və vicdani-rədd məsələmi ortaya qoyacam. Əgər məni təhsil hüququmdan məhrum edərək hərbi xidmətə aparmaq istəsələr mən vicdani-rədd edəcəm," o bildirib.
"Demokratiya 1918" Hərəkatın sədri Əhməd Məmmədli iddia edir ki, onu prokurorluğa cinayət işi açmaq üçün dəvət edirlər, o isə geri çəkilməyəcəyini bildirib.
Noyabrın 12-də “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. Noyabrın 11-də onunla birgə saxlanılan Hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadə isə bir gün sonra sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bundan öncə Amerikanın Səsinə Afiəddin Məmmədov və Elvin Feyruzzadənin polis orqanlarının birinə dəvət olunduğunu, araşdırma aparılıb sərbəst buraxılacaqlarını bildirib.
Noyabrın 11-də isə "Demokratiya 1918" Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallıya 30 sutka inzibati həbs cəzası verilib. Lakin onun nədə ittiham edilməsi barədə dəqiq məlumat verilməyib. Hərəkat üzvləri Zeynallının polis haqqında tənqidi status yazdığına görə həbs edildiyini deyirlər.
Aidiyyəti qurumlardan mətbuat konfransında verilən son açıqlamalarla bağlı hələlik münasibət almaq mümkün olmayıb. Lakin rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bəyan edir. Hökumət rəsmiləri insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquqların tam təmin edildiyini bildirir.