Bu gün birinci imam Həzrət Əlinin (ə) mövlududur

Hicri-qəməri tarixi ilə bu gün, rəcəb ayının 13-ü fəzilətlərinə görə bəşəriyyət tarixində Həzrət Məhəmməd peyğəmbərdən (s) sonra ikinci ali məqama sahib olan İmam Əli ibn Əbu-Talibin (ə) doğum günüdür.

SalamNews xəbər verir ki, həzrəti Əli (ə) "Fil" ilindən 30 il sonra dünyanın ən müqəddəs məkanı və evi hesab edilən Kəbədə dünyaya gəlib.

Həzrəti Əli (ə) İslam peyğəmbərinin (s) ən bariz tələbəsi, Onun xüsusi tərbiyə etdiyi, əziz Peyğəmbərimizin (s) əmisi oğlu və kürəkəni, islamın inkişafı yolunda göstərilən ən böyük şücaətlərin sahibi, müsəlmanların birinci imamı və digər 11 imamın atası kimi bəşəriyyət tarixində ən çox müsbət iz buraxan insandır.

İmam Əli ibn Əbu-Talib (ə) Kəbədə dünyaya gələn, tərbiyəsini və təlimini Peyğəmbərdən (s) alan, Peyğəmbərin (s) yerində yatmağı qəbul edərək onu ölümdən xilas edən, haqqında çoxsaylı ayələrin nazil olduğu insan, Əhli-beytin bir üzvü olan, imamlar atası, Bədr döyüşündə bütpərəstlərin məğlubiyyətə uğramasına əsas səbəb, Xəndək döyüşündə bütpərəstlərin sərkərdəsi Əmr ibn Əbdəvüddü məğlub edən, Xeybər döyüşünün qəhrəmanı, Peyğəmbərin (s) müsəlmanlara təyin etdiyi xəlifə və digər yüzlərlə fəzilətlərə malik olan yeganə şəxsdir.

İmam Əlinin (ə) fəzilətləri barədə məzhəbindən, dinindən, təfəkkür tərzindən asılı olmayaraq, müxtəlif yazıçı və mütəfəkkirlərin əsərləri həddən artıq çoxdur.

Hicrətin 40-ci ilində (miladi 661-ci il) Ramazan ayının 19-da dövrünün xəlifəsi və imamı Həzrət Əli (ə) xəvaric firqəsinin üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində sübh namazı vaxtı zəhərli qılınc zərbəsiylə başından yaralanıb, iki gün sonra şəhadətə qovuşub.

İmam Əlinin həm mövludu həm də şəhadəti Azərbaycanda inanclılar tərəfindən kütləvi şəkildə keçirilir.