Bölgələrdə dini kolleclər açılacaq

Hacıağa Nuri: ''Dövlət ona kollec, kənd camaatı isə mədrəsə deyir''
 
Nardaranda, Lənkəranda, Gəncədə, Quba-Xaçmaz bölgəsində dini kolleclərin açılması istiqamətində hazırlıq işləri görülür. Həmin kolleclər bir növ İlahiyyat İnstitutunun alt qurumu rolunu oynayacaq.
 
Bu açıqlamanı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya verib.
 
Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycanda dini kolleclərin açılmasına dövlət səviyyəsində razılıq verilib. Həmin kolleclərin maddi-texniki bazası və digər məsələlərlə bağlı işlər gedir.
 
İslam Partiyasının sabiq sədri, Nardaran ağsaqqalı Hacıağa Nuri Meydan TV-yə bildirib ki, Nardaranda sentyabrda mədrəsə açılması gözlənilir:
 
"Dövlət ona kollec, kənd camaatı isə mədrəsə deyir. Artıq inşa olunub, hazırdır. Əvvəllər kənddə mədrəsə olub, ancaq yollar salındığına görə plana düşdü və söküldü. Biz bir mədrəsənin açılmasını eşitmişik”.
 
Hacıağa Nuri nardaranlıların mədrəsə açılmasından razılıq etdiyini söyləyib:
 
"Nardaranda mədrəsənin açılması dini təhsilə müsbət təsir edəcək”.
 
Nardaran kəndi Bakının ən qədim kəndlərindəndir. Xəritədə bu kənd qartalın düz gözündə yerləşir. Nardaranlılar İslam dininə bağlılıqları ilə seçiliblər.
 
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Rəsmi məlumatlara görə, əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.
 
Əməliyyat nəticəsində "Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə və digərləri saxlanılıb.
 
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Taleh Bağırzadə məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar istintaq zamanı işgəncə və təzyiqə məruz qaldıqlarını deyirlər.
 
Azərbaycan tarixində il sayına görə ən böyük cinayət işi hesab olunur- 270 il azadlıqdan məhrumetmə cəzası, 17 nəfər Cinayət Məcəlləsinin 20-dən çox maddəsi ilə ittiham olunub. Əməliyyatdan sonra kəndə giriş-çıxış çətinləşdirilib, əvvəlki dini adət-ənənələrin həyata keçirilməsində məhdudiyyətlər yaradılıb.