BMT-də Fələstin dövləti məsələsi müzakirə edilib

BMT Təhlükəsizlik Şurasının bütün üzv ölkələrinin iştirakı üçün açıq olan Yaxın Şərq münaqişəsinə dair geniş iclasında BMT-nin Baş katibi Antonio Quterreş deyib ki, tərəflərdən hansınınsa "iki dövlət qərarını qəbul etməkdən imtina etməsi qəti şəkildə rədd edilməlidir".

"Alternativ nədir?" - deyə, Quterreş çıxışı zamanı soruşub.

O, "heç bir real azadlıq, hüquq və ləyaqət hissi olmadan içəridə bu qədər fələstinli ilə tək dövlət həlli necə görünərdi? Bu, ağlasığmaz olardı" deyib.

Quterreş qeyd edib ki, İsrail-Fələstin münaqişəsinə son yalnız iki dövlət qərarı ilə qoyula bilər.

"İsraillilər qanuni təhlükəsizlik ehtiyaclarının reallaşdığını görməli, fələstinlilər isə tam müstəqil, yaşanıla bilən və suveren dövlət üçün qanuni - əvvəlki razılaşmalara uyğun olaraq, BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyini görməlidirlər" - deyə, BMT-nin Baş katibi bildirib.

Fələstin muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Maliki BMT Təhlükəsizlik Şurasının üzvləri qarşısında çıxışı zamanı deyib ki, Fələstin dövlətinin BMT-də tanınmasının vaxtı çatıb.

Riyad Əl-Maliki "75 il əvvəl İsrailin Birləşmiş Millətlər Təşkilatına qəbuluna veto hüququmuz yox idi. İsrailin də 75 il sonra Fələstin dövlətinin qəbuluna veto hüququ yoxdur" deyib.

Onilliklərlə davam edən Yaxın Şərq münaqişəsini müzakirə etmək üçün ölkələrin böyük toplantısı ildə dörd dəfə BMT Təhlükəsizlik Şurasında keçirilir və bütün üzv ölkələrin iştirakına açıqdır.

Hazırkı iclasda 50-dən çox ölkənin çıxışı nəzərdə tutulub ki, onlardan bir çoxu iclasda xarici işlər nazirləri səviyyəsində təmsil olunur.

 

Amerikanın Səsi