BGMİ-nin Şeyxi və müftiləri Ayətullah Şəhristanilə görüşüb

İran İslam Respublikasına səfər çərçivəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) nümayəndə heyəti tanınmış Təqlid Mərcəsi Ayətullah-Əl Üzma Seyyid Əli Sistaninin  tam səlahiyyətli nümayəndəsi və “Alulbeyt” Beynəlxalq Dini Mərkəzinin rəhbəri Ayətullah Seyyid Cavad Şəhristani ilə görüşüb.
 
Az.shafaqna.com xəbər verir ki, görüşdə BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyev, muftilər Etibar Eminov və Adam Şantadze səmimi qəbula görə Ayətullah Cavad Şəhristaniyə təşəkkürlərini bildiriblər.
 
Görüş zamanı tərəflər Gürcüstanda müsəlmanların hazırkı durumu və dini mövzular ətrafında fikir mübadiləsi apararaq gələcək perspektivlər və əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
 
Öz növbəsində Ayətullah Şəhristani BGMİ nümayəndə heyətini salamlayaraq, Gürcüstan nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu bildirib. O, özünün Gürcüstan səfərlərərini xatırlayaraq bu ölkədən kifayət qədər xoş təəssüratlarının olduğunu vurğulayıb.
 
Ayətullah Şəhristani fürsətdən istifadə edərək Hacı Faiq Nəbiyevi Şeyx seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar Ayətullah Şəhristaninin bir çox qiymətli eksponatların, o cümlədən Gücustan nümayəndə heyətləri tərəfindən bağışlanılmış hədiyyələrin qorunub saxlandığı ev muzeyini ziyarət ediblər.
 
Qeyd edək ki, bununla da BGMİ nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başa çatıb.