AzTV sədri ilə bağlı məhkəmədə: ...Qohumlarım YAP üzvlüyündən çıxacaq

Təqsirləndirilənlər son söz deyib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun özü, qızı Nigar, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevin öldürülməsinə cəhd, eləcə də AzTV rəhbərinin milyonlarla pul və əmlakının ələ keçirilməsilə bağlı məhkəmə prosesi başa çatır.

Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 17-də keçirilən məhkəmə iclasında vəkillər də çıxışlarını yekunlaşdırıblar, dörd təqsirləndirilən şəxsdən üçü son sözünü deyib.

Vəkillərdən Zöhrab Şirinovun hüquqlarını müdafiə edən Ruslan Həsənov bildirib ki, AZTV sədri və onun yaxınlarına qarşı sui-qəsddən bəhs olunsa da, bunu təsdiqləyən heç bir mötəbər sübut yoxdur. Müdafiəçinin sözlərinə görə, aylardır davam edən bu məhkəmədə həqiqətin üzə çıxması üçün vəkillərin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb: “Buna baxmayaraq, yenə də Zöhrab Şirinova qarşı ittiham sübuta yetirilmədi. Zöhrab Şirinov istintaqdakı ifadələrə işgəncə altında, oxumadan imza atıb. Özü də məhkəmədə dedi ki, həmin ifadələri təsdiqləmir. İttihamda yazılanlar həqiqətə uyğun deyil. Yazılıb ki, guya Zöhrab Şirinov 37 ədəd patron və “Kalaşnikov” avtomatı saxlayıb. Bəs bunun sübutu hanı? Əgər Şücayət Əkbərovun Arif Alışanovu öldürmək niyyəti olsaydı, bunu maneəsiz şəkildə edə bilərdi. Belə bir plan olmayıb”.

Hüquqlarını müdafiə etdiyi şəxsə qarşı işgəncələrdən danışan vəkil bildirib ki, Z.Şirinov 2017-ci il yanvarın 14-dən 29-na qədər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Müdafiəçi deyir ki, həmin müddətdə müvəkkili də daxil olmaqla, bu iş üzrə təqsriləndirilən şəxslər orada işgəncəyə məruz qalıb: “Onlardan özlərinin və bir-birinin əleyhinə ifadə alınıb. Məhkəmədə videogörüntülər nümayiş etdirildi. O görüntülər də Zöhrab Şirinovun fiziki təzyiqlərə məruz qaldığını təsdiqləyir. Həmin kadrlardan görünür ki, Zöhrab Şirinov dindirilir, amma vəkil yoxdur. Bu da çox ciddi qanun pozuntusudur”.

Z.Şirinovun məruz qaldığı işgəncələr nəticəsində səhhətində ciddi problemlər yarandığını deyən vəkil onun ailə vəziyyətinin ağır olmasından da danışıb: “Üç övladı var, ailənin yeganə qazanc gətirəni idi. Ailənin oğul övladı hazırda hərbi xidmətdədir. Bu üzdən ailə maddi baxımdan da ağır duruma düşüb”.

Təqsirləndirilən Şücayət Əkbərovun vəkilləri Babək Həmidov və Bəxtiyar Hacıyev də məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. Vəkillər bildirib ki, A.Alışanova qarşı sui-qəsd barədə ifadə verənlərin hamısı ya onun özünün qohum-əqrəbası, ya da işçiləridir. Ona görə də həmin ifadələr mötəbər sübut kimi qəbul oluna bilməz.

“Məhkəmə obyektiv keçirilmədi. Onlarla vəsatətimizin heç biri təmin olunmadı. Ədalətli hökm çıxarılmasını arzulayıram. Ümid edirəm ki, müşavirə otağında hökm çıxararkən bizim vəsatətlərdə qaldırdığımız məsələləri nəzərə alcaqsınız”, - Bəxtiyar Hacıyev bildirib.

meydan.tv