Azərbaycan Xalq Cəbhəsi ölkədə genişlənən həbslərlə bağlı bəyanat yayıb. Sosial media üzərindən yayılan bəyanatda deyilir:
"Azərbaycan hakimiyyəti COP29-dan dərhal sonra ölkədə yeni repressiya dalğası başladıb. Dekabrın 3-dən 10-dək daha 9 nəfər - hüquq müdafiəçisi Rüfət Səfərov, MeydanTV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlı və Ramin Deko, başqa bir jurnalist Ülvi Tahirli və müstəqil siyasətçi, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı müxtəlif qondarma ittihamlarla həbs ediliblər. Artıq onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlardan əlavə, eyni vaxtda jurnalist-fotoqraf Əhməd Muxtar da saxlanılaraq, qurama ittihamla 20 sutka inzibati həbsə məhkum edilib.
Dekabrın 10-da isə AXCP Daşkəsən şöbəsinin sədri, bu ilin mart ayında narkotik ittihamı ilə şərlənərək həbs edilən Sahib Məmmədzadə barəsində məhkəmə 6 il 6 ay müddətinə həbs hökmü çıxarıb.
Beləliklə, ölkədə uzun müddətə həbs edilmiş siyasi məhbusların sayı 1 həftənin içində 319 nəfərdən artaraq, 328 nəfərə çatıb.
AXCP bildirir ki, bu həbslər İlham Əliyev hakimiyyətinin illərdir ölkədə apardığı demokratik təsisatları və potensialı tamamilə məhv etmək siyasətinin tərkib hissəsidir. Məqsəd yenə də söz və fikir azadlığına, insan haqlarını müdafiə işinə, müxalif siyasi təşəbbüslərə zərbə vurmaqdır. Hakimiyyət ölkədə müstəqil medianın, hüquq müdafiəçiliyinin və siyasi fəaliyyət imkanlarının son qalıqlarını da aradan qaldırmaq istəyir. Bu mənada AXCP sədri Əli Kərimli üzərində bu ilin avqust ayından dekabr ayına qədər davam etmiş və onun 1500 manat cərimələnməsi haqda qərarla başa çatmış sifarişli məhkəmə işi də yeni repressiya dalğasına daxildir.
Yeri gəlmişkən, Əli Kərimliyə qarşı məhkəmə proseslərində ona dəstək məqsədilə məhkəmə binası önünə toplaşan AXCP fəalları və tərəfdarları da təzyiqlərə məruz qalıb. Dekabrın 2-də keçirilən son proses zamanı isə binanın önündə toplaşanlara aşırı polis zorakılığı göstərilib, onlardan bir çoxu saxlanılıb və 2 nəfərə 30 və 15 sutka olmaqla, inzibati həbs, 4 nəfərə isə hər birinə 200 manat olmaqla, cərimə cəzası verilib. Üstəlik, saxlanılan şəxslər polislər tərəfindən qəddarlıqla döyülüb. Məhkəmə öncəsi də AXCP-nin 2 nəfər fəalı 15 və 25 sutka olmaqla, inzibati həbs, 1 nəfər fəalı isə 50 manat cərimə cəzasına məhkum edilib.
AXCP beynəlxalq birliyi, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya hökumətlərini Azərbaycanda müstəqil medianın, vətəndaş cəmiyyətinin və siyasi müxalifətçiliyin tamamilə məhv edilməsinə seyrçi qalmamağa, baş verənlərə adekvat şəkildə etirazlarını bildirməyə, artıq totalitarizmə keçid edən İlham Əliyev hakimiyyətini durdurmaq üçün ünvanlı sanksiyalar da daxil, ciddi və sərt tədbirlər görməyə çağırır.
AXCP özünə olan bütün təqib və təzyiqlərə baxmayaraq, İlham Əliyevin ölkədə totalitar rejim qurmaq, ailə hakimiyyətini əbədi etmək planlarına qarşı indiyə qədər olduğu kimi, bundan sonra da var gücü ilə mübarizə aparacağını, özünün prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyini bəyan edərək, xalqımızı bu mübarizədə ona daha kütləviliklə dəstək olmağa çağırır. Xalqımız bilməlidir ki, nəhayət, özünün və ölkəmizin taleyinə sahib çıxmasının zamanıdır. İlham Əliyevin bütövlükdə xalqımızı hüquqsuz vəziyyətə salan, ləyaqətli yaşam imkanlarından tamamilə məhrum edən, ölkədə sülalə hökmranlığı yaratmağa yönələn addımlarına hamılıqla, dinc və ardıcıl etirazımızı bildirməliyik."
Azərbaycanda son siyasi həbslərlə bağlı AXCP-nin bəyanatı