Azərbaycan-ABŞ enerji tərəfdaşlığı müzakirə edilib

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət Katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Kimberly Harrington arasında görüş olub.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında uzunillik uğurlu enerji tərəfdaşlığının davam etdirilməsindən məmnunluq ifadə edilib. Cənub Qaz Dəhlizinin enerji böhranı zamanı Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu qeyd edilib və hazırda bu layihənin genişləndirilməsi ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.

Energetika naziri Pərviz Şahbazov hazırda Azərbaycanın layihənin genişləndirilməsi və əlavə tədarüklərin təmin edilməsi ilə yanaşı, enerji keçidi üzrə də mühüm addımlar atdığını qeyd edib.

“Həyata keçirilən “yaşıl enerji” layihələri, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ölkəmizin enerji keçidinə sadiqliyinin göstəriciləridir”, nazir qeyd edib.

ABŞ Dövlət Katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Kimberly Harrington isə deyib ki, COP29-a ev sahibliyi edən Azərbaycan enerji təhlükəsizliyi və iqlim məsələlərini uzlaşdırmaqla digər neft-qaz ölkələri üçün nümunə yaradır.

Söhbət zamanı hidrogen, metan emissiyalarının azaldılması, COP29 çərçivəsində, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək.

Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək.

Kimberly Harrington ABŞ-ı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısında təmsil edəcək.

Rəsmi məlumatlara görə, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılacaq.

Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır, regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb (14 milyard ABŞ dollarından çox).

Azərbaycanın Dövlət Neft Fondu ABŞ-ın maliyyə təşkilatları və fondları ilə sıx əməkdaşlıq edərək qiymətli kağızlar və daşınmaz əmlak bazarına təxminən 7,6 milyard ABŞ dolları sərmayə yatırıb.

Azərbaycanla ABŞ arasında enerji sahəsində 1994-cü ildə Azəri-Çıraq-Çünəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətlərinin yer alması ilə başlanan əməkdaşlıq Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək ilə davam edib. 14 sentyabr 2017-ci ildə Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində Şevron və Ekson şirkətləri yer alıb.

ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini dəstəkləyir.

Belə ki, ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiq olduğunu və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəklədiyini dəfələrlə bildirib.

 

 

Amerikanın Səsi