Ayətullah Sistaninin tövsiyəsi hökumətdən maaş alanların arxasında namaz qılmağı qadağan edirmi?

Son günlər cəmiyyətdə anlaşılmazlıq yaradan bir məsələ geniş müzakirələrə səbəb olub. Bəzi sosial media seqmentlərində bu məsələnin gündəmə gətirilməsi Ayətullah Sistaninin guya hökumətdən maaş alan şəxslərin arxasında namaz qılmağı qadağan etdiyi və həmin namazın qəbul olunmadığı kimi yanlış qənaətlərin formalaşmasına səbəb olub. Məsələnin tam aydın olmaması bir sıra şəxslərdə mənəvi narahatlıqlar yaratdığı üçün mövzunu araşdırmağa çalışdıq.

Əvvəlcə sualı dəqiq qoyaq: Ayətullah Sistani hökumətdən maaş alan imamların arxasında namaz qılmağı qadağan edirmi, yoxsa məsələ deyilən kimi deyil?

Bu sualı cavablandırmazdan öncə böyük müctəhidin bu mövzuda rəsmi cavabına nəzər salaq:

Sual: “Bəzi müsəlman ölkələrində hökumət məscidlərdəki cümə imamlarına aylıq maaş verir və onların bir qismi şiə din xadimləridir. Bu barədə sizin baxışınız necədir?”

Cavab: “Möminlərə (Allah onları əziz etsin) hökumətdən maaş alan şəxsin arxasında namaz qılmağı tövsiyə etmirik. Bu, həmin şəxsin şəxsiyyətinə və ədalətinə ləkə vurmaq məqsədi daşımır. Bu, sadəcə mövqelərin və onların sahiblərinin gələcəkdə ola biləcək hər hansı hökumət müdaxiləsindən tamamilə uzaqda qalması üçündür.”
— Ayətullah Sistani ağanın dəftəri

Bu cavabda diqqət çəkən ən önəmli məqam odur ki, deyilənlər qadağa deyil, yalnız tövsiyyədir. Yəni Ayətullah Sistani nə fətva, nə də hökm verərək bunu haram və ya namazın batil olmasına səbəb saymır. Tövsiyyə isə şəri baxımdan məcburi olmayan, əməl edilməsi yaxşı, lakin tərk edilməsi günah olmayan məsələlərdəndir (fiqhi terminlə desək, “əmri-irşadi”dir).

İkinci mühüm məqam müctəhidin gətirdiyi izahdır. O bildirir ki, məqsəd imam-camaatların gələcəkdə yarana biləcək hakimiyyət müdaxilələrindən qorunmasıdır. Yəni dövlət maaşı almaq müəyyən hallarda ruhaninin bir növ təsir altında qalması ehtimalı yarada bilər. Tövsiyyə isə ruhaninin müstəqilliyini, azadlığını və ictimai mövqeyinin müdaxilələrdən uzaq qalmasını təmin etmək məqsədi daşıyır.

Ayətullahın “arxasında namaz qılmağı tövsiyə etmirik” ifadəsi ruhanilərin dövlət asılılığına düşməməsi və yaşayışlarını başqa halal yollarla təmin etmələri üçün bir xəbərdarlıq kimi anlaşıla bilər. Bu, imam-camaatı qoruyucu xarakter daşıyan bir yanaşmadır.

Eyni zamanda Ayətullah Sistani açıq şəkildə bildirir ki, söhbət həmin şəxsin ədalətinin şübhə altına alınmasından getmir. Məqsəd yalnız başqalarının onun barəsində süni şəkildə mənfi rəy formalaşdırmasının qarşısını almaqdır.

Fiqhi baxımdan imam-camaatın arxasında namaz qılmaq üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Ayətullah Sistani isə ədalətin özünü deyil, ona gələ biləcək potensial ləkələnmə riskini nəzərdə tutur. Buna görə də tövsiyyə edərək dövlət maaşı almamağın daha münasib olduğunu bildirir.

Təcrübə də göstərir ki, hakimiyyətdən maaş alanlar arasında zaman-zaman müəyyən təzyiqlərin qurbanı olan şəxslər mövcud olub və ola bilər. Buna görə möminlər imam-camaat seçərkən onun mövqeyini, şəraitini və mühitini düzgün dəyərləndirməlidirlər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, dinimiz məscidlərin boş qalmamasına xüsusi önəm verir və bu istiqamətdə təkidli göstərişlər mövcuddur.

Nəticə etibarilə, Ayətullah Sistaninin fikirləri qadağa deyil, tövsiyyə xarakteri daşıyır. Buna görə də hazırda məscidlərdə imamlıq edən və hökumətdən maaş alan şəxslərin arxasında namaz qılmağın fiqhi baxımdan heç bir maneəsi yoxdur.

Digər tərəfdən, böyük müctəhidin bu tövsiyyəsi imam-camaatları əsassız şübhələrdən qorumaq baxımından əhəmiyyətli və dəyərli hesab edilir.