Avropa Şurasının hesabatı: “Azərbaycan Avropada ən yüksək həbs göstəricisi olan ölkələr sırasında ikincidir”

Avropa Şurası 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatını yayımlayıb. Hesabat Avropada həbsxana sistemlərində sıxlığın artdığını, bir çox ölkədə müəssisələrin artıq dolduğunu və məhbus sayının yüksəlməyə davam etdiyini göstərir.

Sənədə əsasən, Azərbaycan Avropada ən yüksək həbs göstəricilərinə malik ölkələr sırasında ikincidir. Ölkədə hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız Türkiyədən (458) geri qalır. İlk sıralarda həmçinin Moldova (245), Gürcüstan (232) və Macarıstan (206) yer alır.

Hesabatda qeyd olunur ki, 2025-ci ilin 31 yanvar tarixinə Avropa Şurasına üzv ölkələrin həbsxanalarında ümumilikdə 1,1 milyondan çox insan saxlanılıb.

 

Azərbaycan həbsxanaları tam doluluğa yaxın göstərilib

Avropa Şurasının məlumatına görə, Azərbaycanda həbsxanaların doluluq səviyyəsi kritik həddə yaxındır. Ölkədə hər 100 yerə 98 məhbus düşür. Azərbaycan bu göstərici üzrə həbsxanaları “tam doluluğa yaxın” olan ölkələr sırasında göstərilib.

Ən ağır vəziyyət Türkiyə və Fransada qeydə alınıb – hər 100 yerə 131 məhbus düşür. Xorvatiya, İtaliya, Malta, Kipr və Belçikada da ciddi sıxlıq müşahidə olunur.

 

Xarici vətəndaş məhbusların sayı Azərbaycanda ən aşağı göstəricilərdəndir

Hesabata görə, Azərbaycanda həbsdə olan xarici vətəndaşların payı cəmi 2,2 faizdir. Bu, Avropada ən aşağı göstəricilərdən biri sayılır. Daha aşağı göstərici yalnız Rumıniya (1,1 faiz) və Moldovada (1,9 faiz) qeydə alınıb.

Müqayisə üçün, Lüksemburqda məhbusların 78 faizi, İsveçrədə isə 73 faizi xarici vətəndaşlardır.

 

Azərbaycanda qadın məhbusların payı aşağıdır

Avropa Şurasının hesabatında qadın məhbusların sayının Avropada artdığı qeyd olunur. 2024-cü ildən 2025-ci ilə qədər qadınların həbsxana əhalisində payı 4,8 faizdən 5,2 faizə yüksəlib.

Azərbaycanda isə qadın məhbusların payı 3,1 faiz təşkil edir. Bu göstərici Albaniya, Ermənistan və Monteneqrodan sonra Avropada ən aşağı rəqəmlərdən biridir.

 

Avropada həbsxana böhranı dərinləşir

Hesabat müəllifləri bildirirlər ki, Avropada həbsxanaların həddindən artıq dolması artıq sistemli problemə çevrilib. 2025-ci ildə 14 ölkədə məhbus sayı mövcud yerləri aşıb.

Araşdırmada həmçinin vurğulanır ki, həbsxanalarda yaşlı məhbusların sayı artır. 65 yaşdan yuxarı məhbusların payı son beş ildə 2,5 faizdən 2,9 faizə yüksəlib. Bu isə səhiyyə, sosial təminat və penitensiar idarəetmə baxımından yeni problemlər yaradır.

Ən çox rast gəlinən cinayətlər sırasında narkotiklə bağlı ittihamlar (17,3 faiz) və oğurluq (12,1 faiz) göstərilib. Zorakı cinayətlərə görə cəza çəkənlərin payı isə ümumi məhbusların təxminən üçdə birini təşkil edir.