ATƏT-in insan ölçüsü üzrə iclasında Azərbaycan tənqid edilib

Ötən gün Varşavada ATƏT-in insan ölçüsü üzrə iclası keçirilib. İclasda çıxış edən ABŞ nümayəndə heyətinin rəhbəri Maykl Kozak deyib ki, ABŞ hakimiyyətlərin qanunlardan öz fundamental azadlıqlarını - fikrin sərbəst ifadə edilməsi, dinc toplaşma və nümayiş, həmçinin dini etiqad - gerçəkləşdirməyə can atan ayrı-ayrı şəxslərin cəzalandırılması üçün istifadə etməsi faktlarından narahatdır. Məhkəmə sistemi azadlığı demokratik idarəetmənin mühüm atributudur.

O, bu azadlıqların ciddi pozulduğu ölkələr sırasında Rusiya, Türkiyə və Azərbaycanın adlarını çəkib.

"Siyasi motivli təqiblər Azərbaycanda ədalət mühakiməsinin müstəqil olmasına şübhə doğurmaqda davam edir. Tanınmış müxalifətçi lider İlqar Məmmədov beş il yarım müddətə həbsdə qaldıqdan sonra avqust ayında Apellyasiya Məhkəməsi onu iki il inzibati nəzarət olmaqla azadlığa buraxıb.

Biz Azərbaycan hakimiyyətini öz fundamental azadlıqlarını gerçəkləşdirmək istəyinə görə həbs olunanları azad etməyə, İlqar Məmmədov və digər müxalifət xadimlərinin, əsasən Əli Kərimli, vəkil İntiqam Əliyev, fəal Anar Məmmədli, jurnalist Xədicə İsmayılovanın xaricə çıxışına qadağanı aradan qaldırmağa çağırırıq.

Biz həmçinin hakimiyyəti yerli həbsxanalarda işgəncə faktlarını hərtərəfli araşdırmağa çağırırıq. Məsələn, tanınmış bloger Mehman Hüseynov polisdə işgəncələrə məruz qaldığını bəyan etdikdən sonra araşdırma aparılmayıb, əksinə, onu böhtanda ittiham edərək iki il həbs ediblər. Eləcə də "Müsəlman Birliyi" Hərəkatının xadimləri Abbas Hüseynov və Cabbar Cabbarovun həbsxanada işgəncələrə məruz qalmasına görə heç kim məsuliyyətə cəlb edilməyib",-M.Kozak bildirib.

https://osce.usmission.gov/hdim-working-session-iv-rule-of-law-i/

Həmin tədbirdə KİV azadlığına həsr edilmiş digər iclasda M.Kozak deyib ki, Azərbaycanda KİV azadlığı məhdudlaşdırılıb.

Hakimiyyət hökuməti tənqid edən müstəqil KİV-lərin vebsaytlarını müxtəlif hüquqi bəhanələrlə bağlayır. Hüquq müdafiəçilərinin məlumatına görə, doqquz jurnalist və bloger öz fəaliyyətinə görə həbsdədir. 2017-ci ildə Gürcüstanda oğurlanaraq Azərbaycana aparılıb həbs edilən jurnalist Əfqan Muxtarlı yanvarda 6 il azadlıqdan məhrum edilib. Çoxları bu həbsin siyasi motivli olduğunu hesab edir.

"Biz Azərbaycan hakimiyyətini Ə.Muxtarlının Tbilisidə yoxa çıxması faktının araşdırılmasında Gürcüstan hökuməti ilə əməkdaşlığa çağırırıq. Biz həmçinin növbəti dəfə Gürcüstanın rəsmi şəxslərini bu oğurluğun araşdırılmasını başa çatdırmağa çağırırıq", - o vurğulayb.

Turan