AMHK: "Hacı Tale Bağırova edilən zülmlərə qarşı səssiz qalmayacağıq"

Giperssilka informasiya agentliyi xəbər verir ki, Türkiyənin "Azərbaycan Məhbusları ilə Həmrəylik Komitəsi" Hacı Tale Bağırovun ona və digər məhbuslara həbsdə edilən zülmlərə etiraz olaraq aclıq aksiyası keçirməsi ilə bağlı bəyanat yayıb. 

Bəyanatın mətni belədir:

"Azərbaycan rəhbərliyinin amansız və qəddar qərarıyla həbsə məhkum edilən və 7 ili zindanlarda keçən görkəmli İslam alimimiz Hacı Tale Bağırov köçürüldüyü başqa bir həbsxanada ağır işgəncələrə və zülmlərə məruz qalıb. İslami ləyaqətini və izzətini daim qoruyan Tale Bağırov qardaşımız bu zülm və işgəncələrə tək də olsa, müqavimət göstərir. O, həmişə sinəsini müsəlman məhbuslara edilən zülmlərə qarşı sipər edir. Tale Bağırov ona və həbsdə olan digər müsəlmanlara verilən işgəncələrə etiraz olaraq, 11 gündür aclıq aksiyası keçirir. Azərbaycandakı zülmkar qurumlar yaxşı bilməlidirlər ki, biz müsəlmanlar olaraq, dünyanın harasında oluruqsa olaq, qardaşlarımıza qarşı edilən zülmə, əziyyətə, işgəncələrə, xüsusən də, bu igid və məzlum azərbaycanlılara qarşı səssiz və cavabsız qalmadıq və qalmayacağıq. Onlar tək deyillər və heç vaxt da tək olmayacaqlar. Bunu varlığımızla bütün dünyaya göstərəcəyik. Çünki Rəbbimiz Quranda möminləri vəsf edərkən "Onlar zülm qarşısında bir araya gəlib bir-birlərinə köməklik göstərəcəklər" deyə buyurur. İslamın Əziz Peyğəmbəri (s) müsəlmanları “acı və sevinc içində də bir bədənin üzvləri” kimi tərif etmişdir.

 Bu münasibətlə zindandakı zülm və işgəncələrə “HEYHAT MİNNƏZZİLLƏ” nidası ilə dözən, müqavimət göstərən Hacı Tale Bağırov və bütün əsir qardaşlarımızla həmrəy olduğumuzu və bu həmrəyliyimizi hər yerdə, həmçinin beynəlxalq platformalarda nümayiş etdirəcəyimizi bildiririk. 
 Cəsur qardaşları nəcib mövqelərinə görə dərin sevgi və hörmətlə salamlayırıq. Şübhəsiz ki, zülm heç vaxt qalib gəlməyəcək, haqq və ədalət mütləq qalib gələcək".

AZƏRBAYCAN MƏHBUSLARI İLƏ HƏMRƏYLİK KOMİTƏSİ