Almaniyadan ekstradisiya olunan fəal 6 il müddətinə həbs olunub

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan müxalifətçi fəal Cəfər Mirzəyev barəsində hökm çıxarıb.

Prokuror məhkəmədən onu 7,5 il müddətinə azadlıqdan məhrum etməyi istəmişdi. Vəkil Nemət Kərimli yekun çıxışında fəala bəraət verməyi xahiş edib, onun əsassız həbs edildiyini və məhkəmədə Mİrzəyevin təqsirinin sübuta yetirilmədiyini bildirib.

Mirzəyev özü ittihamı təkzib edib, onu siyasi motivli adlandırıb.

* Cəfər Mirzəyev ötən ilin payızında Almaniyadan deportasiya edildikdən sonra həbs olunan 5 fəaldan biridir. Onlar hamısı narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunublar. Daha iki fəal başqa ittihamla həbs edilib. Hüquq müdafiəçiləri onların hamısını siyasi məhbus kimi tanıyıb.

Bütün həbslərin əsl səbəbi siyasi mühacirlərin Avropada Azərbaycandakı siyasi məhbusların azad edilməsi tələbi ilə aksiyalarda iştirakı olub.

Mirzəyev 25 noyabr 2021-ci il tarixində AFR-dən deportasiya olunub və yanvarın 27-də Bakıda həbs olunub. Ona qarşı CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.