Almaniya Qırmızı dənizdə səhvən ABŞ PUA-sını hədəfə alıb

Məlumatlara görə, Qırmızı dənizdə Avropa anti-Yəmən koalisiyasında iştirak edən alman hərbi gəmisi təsadüfən Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsinə atəş açıb.

Alman mediası hücumu dostluq atəşi kimi qiymətləndirən xəbərlərə yer verib. Almaniyanın həftəlik Der Spiegel nəşri xəbər verir ki, döyüş gəmisi təyyarəyə iki raket atıb, lakin hər iki mərmi "texniki qüsura görə dənizə düşüb".

İnsidentdə iştirak edən “Hesse” freqatı Yəmənin Fələstin tərəfdarı əməliyyatlarını dayandırmaq məqsədi ilə bu ayın əvvəlində Qırmızı dənizə yola düşüb.

Müdafiə naziri Boris Pistorius Almaniyanın hərbi gəmisinin naməlum pilotsuz uçuş aparatını aşkar etmək cəhdlərinin uğursuzluğa düçar olmasından sonra atəş açdığını, hədəfin “vurulmadığını” bildirib. “Sonradan təyyarənin “kəşfiyyat təyyarəsi” olduğu ortaya çıxdı”, - deyə o bildirib.

Pilotsuz təyyarənin Yəmən əməliyyatlarına qarşı Qırmızı dənizdə oxşar şəkildə fəaliyyət göstərən ABŞ-ın rəhbərlik etdiyi dəniz koalisiyası ilə əlaqəli olmadığı görünür. “Frankfurter Allgemeine” qəzeti “ABŞ-ın başçılıq etdiyi Qırmızı dəniz əməliyyatı ilə heç bir əlaqəsi olmayan bölgədə Amerika döyüş təyyarələrinin istifadə edildiyi hamıya məlumdur” deyib.

Spiegel bildirib ki, hərbi rəsmilər bu hadisənin Yəmən ətrafında müxtəlif missiyalarda iştirak edən müttəfiqlər arasında koordinasiyanın "təkmilləşdirilməsinə ehtiyac olduğunu" göstərdiyini düşünür.

Xatırladaq ki, Yəmən Silahlı Qüvvələri İsrail rejiminin Qəzza zolağına qarşı oktyabr ayında başlayan və indiyədək təxminən 30 min fələstinlinin şəhid olmasına səbəb olan müharibəyə etiraz etmək üçün İsrail gəmilərini və ya işğal olunmuş ərazilərin limanlarına gedən gəmiləri hədəfə alıb. Yəmən Ənsarullah Hərəkatı İsrail rejimi Qəzzəyə qarşı müharibə və eyni vaxtda mühasirəni davam etdirdiyi müddətcə əməliyyatları davam etdirəcəklərinə söz verib.