ABŞ mətbuatı Çin-Ərəb zirvə sammitinin “təhlükəsi” ilə bağlı xəbərdarlıq edib

“Ərəb-Çin sammiti Çinin Yaxın Şərqdə artan rolunun sübutudur.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “New-York Times” qəzeti son sayında məlumat dərc edib.

Qəzet hesab edir ki, cümə günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başlaması planlaşdırılan Ərəb-Çin sammiti Çinin Yaxın Şərqdəki rolunun artmasına və Körfəz ölkələri ilə neftdən kənar mövzularda da münasibətlərin dərinləşməsinə sübutdur.

Qəzet yazır ki, "Tsinpinin üç günlük səfəri, Çinin Körfəz bölgəsi ilə onilliklər ərzində əlaqələrini dərinləşdirməyi hədəfləyir. Bu, neftin təhlükəsizliyini təmin etmək cəhdi kimi dar çərçivədə başlamış və o vaxtdan bəri silah satışı, hərbi-sənaye texnologiyası və sair transfer və infrastruktur layihələrinə qədər gəlib çatmışdır.”

Qəzet xüsusilə Səudiyyə Ərəbistanı və Pekin arasındakı əlaqələrin dərinliyinə diqqət çəkib və iki ölkə arasında ümumi iqtisadi maraqların aydın olduğunu bildirib. “New-York Times” əlavə edib ki, "Çin Krallığın ən böyük ticarət tərəfdaşıdır, ikincisi isə Çinə ən böyük neft tədarükçülərindən biridir."

Qeyd edək ki, Çin lideri Si Tsinpin çərşənbə günündən başlayaraq Səudiyyə Ərəbistanına səfər edəcək və Yaxın Şərq ölkələrinin dövlət başçıları ilə bir araya gələcək.

Çin Xalq Respublikası sədrinin üç sammitdə, Səudiyyə-Çin sammitində, Körfəz-Çin sammitində və Ərəb-Çin sammitində iştirakı planlaşdırılır.