2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı

Rəsmi statistika əhalinin, xüsusən zəngin əhali qruplarının gəlirlərinin real miqyası ilə bağlı məlumatları ictimailəşdirməkdə xəsislik nümayiş etdirsə də, gəlirlərin dinamikasında baş verən tendensiyaları gizlətmək mümkün olmur. 2024-cü ilin yekunlarına dair statistik nəticələr hələ tam hazır olmasa da, 9 ayın nəticələri əhalinin sosial vəziyyətilə bağlı bəzi maraqlı məqamları görməyə imkan verir.

20%-lik yoxsul kəsimin nominal gəlirləri 0,5%, real gəlirləri 6%-ə yaxın azalıb

Ev təsərrüfatlarının tədqiqatına dair rəsmi statistikanın hesabatlarından aydın olur ki, 2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin ən kasıb 20%-lik qrupuna aid ailələrdə adambaşına aylıq gəlirlər 203 manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 0,5% azdır.

Hətta rəsmi statistikanın elan elədiyi 5%-ə yaxın inflyasiyanı real qəbul etsək belə, nominal gəlirlərin 0,5% azalması yoxsul qrupların real gəlirlərinin 6%-ə yaxın ixtisar edilməsi deməkdir.  

Real gəlirlər insanların qazandığı pulla əldə edə biləcəyi mal və xidmətlərin həcmini əks etdirir. Əgər qiymətlərin artımı nominal gəlirlərin artımını üstələyirsə, deməli, ailələr əvvəlki dövrlə müqayisədə daha az mal və xidmət ala bilirlər. Bu, əhalinin alıcılıq qabiliyyətinin azalması prosesidir.

29%-lik zəngin əhalinin gəlirləri 12,5% artıb

Elə həmin hesabata görə, yola saldığımız 2024-cü ilin 9 ayı ərzində əhalinin ən zəngin 20%-lik hissəsinin adambaşına aylıq gəlirləri 13%-ə yaxın artaraq 648 manat təşkil edib. Hərçənd hətta rəsmi statistikada aylıq  qazancı bir neçə min manatı ötən, milyonlarla manatlıq əmlaka sahib minlərlə insanın olduğu şəraitdə ən zəngin ailələrdə adambaşına aylıq qazancın 648 manat, orta statistik ailədə isə 2500 manata yaxın olması barədə məlumatın reallıqdan çox uzaq olması ayrı bir mövzudur.  

Varlıların mülkiyyətdən əldə elədiyi gəlirlər 70%-ə yaxın artıb

Ev təsərrüfatlarının tədqiqatından aydın olur ki, əhalinin ən aşağı gəlirli 50%-inin mülkiyyətdən əldə etdiyi gəlirlər 30%-dən çox azaldığı halda, ən zəngin 20% ailələrin gəlirləri 70%-ə yaxın artıb. Bu fakt dolayısıyla həm də onu göstərir ki, ölkədə yüksək gəlir gətirən əmlak və iqtisadi aktivlər zəngin qrupların əlində cəmlənib.

Ev təsərrüfatlarının mülkiyyətdən gəlirlərinə bunlar daxildir: müəssisə sahiblərinin mənfəət bölüşüdürməsindən əldə edilən gəlirlər və dividendlər, əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər, depozit və qiymətli kağızlara görə faizlərdən əldə olunan vəsaitlər.

Xaricdən gələn vəsaitlər də əsasən imkanlı ailələrə çatır

Rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrünə nisbətən əhalinin ən yoxsul 20%-lik hissəsinə xaricdən pul yardımlarının həcmi 2 dəfəyə yaxın azalıb, ən zəngin 20%-lik qpupda isə 3 dəfə artıb.

Məlum olduğu kimi, Azərbaycanda ailələrə gələn pul göndərişlərinin 90%-ə qədəri Rusiyadan daxil olur.

Aşağı məbləğdə pensiyalar 8%, yüksək pensiyalar 15% artıb

Ev təsərrüfatlarının 9 aylıq tədqiqatlarının nəticəsinə görə, əvvəlki illə müqayisədə əhalinin ən yoxsul 20%-nə aid ailələrdə pensiya hesabına gəlirlər təxminən 8%, ən zəngin 20% ailərdə isə 15%-ə yaxın artıb.

Hesabatdan o da görünür ki, varlı ev təsərrüfatlarında pensiyanın orta məbləği yoxsul qruplarla müqayisədə 3 dəfə yüksəkdir.  

 

 

"Toplum TV"