Xorvatiya “Cənub” qaz dəhlizinin iştirakçısı olmaq istəyir

Xorvatiya Azərbaycanla iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Bu işdə ikitərəfli hökumətlərarası komissiya böyük rol oynayır. Əczaçılıq və energetika sahəsinə xüsusi önəm verilir. Bu barədə bu gün Zaqrebdə ikitərəfli sənədlər imzalandıqdan sonra Xorvatiya prezidenti Kolinda Qrabar Kitaroviç Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə brifinqdə bildirib.

K.Kitaroviçin sözlərinə görə, Bakı əczaçılıq sahəsində birgə müəssisənin yaradılmasına razılıq verib.

Digər bir sahə gəmidüzəltmədir. Altı gəminin inşası, həmçinin kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Xorvatiya Azərbaycan qazının Avropaya nəqlinin iştirakçısı olmaq və Adriatik dənizi sahilində maye qaz üçün terminal inşa etmək istəyir.

İ.Əliyev cavab sözündə deyib ki, Azərbaycan Xorvatiya ilə ticarət əlaqələrini genişləndirməyə və müxtəlif sahələrdə birgə layihələri həyata keçirməyə hazırdır.

İ.Əliyev Zaqrebin "Cənub" qaz dəhlizi layihəsində iştirak etmək istəyini alqışlayıb. Avropanın enerji təhlükəsizliyini təmin edəcək bu layihəyə artıq 7 ölkə qoşulub.