Əvəz Zeynallının vəkilləri məhkəmədən bəraət istəyib

Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı və Səda TV-nin əməkdaşı Elnur Şükürovun işi üzrə prosesdə vəkillər müdafiə çıxışı edib. Məhkəmə fevralın 9-da Əvəz Zeynallı və Elnur Şükürovun son söz çıxışı ilə davam edəcək.

Vəkil Fəxrəddin Mehdiyev Amerikasnın Səsinə bildirib ki, Əvəz Zeynallı və Elnur Şükürovun vəkili müdafiə çıxışında cinayət işinə xitam verilməsini xahiş edib.

“Hesab edirik ki, həm Əvəz Zeynallının, həm də Elnur Şükürovun əməllərində cinayət tərkibi yoxdur. Ona görə də bəraətverici əsaslarla cinayət işinə xitam verilməldiri”, o qeyd edib.

Dövlət ittihamçısı məhkəmədən Əvəz Zeynallının Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilinməsini və 10 il həbs cəzasına məhkum edilməsini istəyib.

Eyni zamanda, prokuror Cinayət Məcəlləsinin 312-ci (rüşvətə təhrik) maddəsini Zeynallının üzərindən götürüb.

Prokuror Elnur Şükürovun 312-1.1 maddə ilə beş il həbs cəzasına məhkum olunmasını təklif edib.

"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı ötən il sentyabrın 9-dan, "Səda TV"nin rəhbəri Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir. Onlar rüşvətxorluqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunur.

Jurnalistlər ittihamları qəbul etmir və özlərini təqsirkar bilmir. Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.

 

 

Amerikanın Səsi