“Tubzon”da məhkumlardan orada qalmaq üçün pul tələb olunduğu iddia edilir

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (“Tubzon”) saxlanılan məhkumlardan orada qalmaq üçün müxtəlif məbləğlərdə pul tələb olunduğu iddia edilir.

Bu barədə 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Anar Vəliyev yaxınları vasitəsilə “Abzas Media”ya məlumat verib. Onun sözlərinə görə, “Tubzon”da saxlanıldığı müddətdə müxtəlif bəhanələrlə ondan pul alınıb.

“Məhkum İsmayılov Elçin Mədəd oğlunun qardaşı İsmayılov Anar Mədəd oğlunun adına bank kartı açıblar. Mən o karta 2042 manat pul vurmuşam. Heç biri də çatmayıb. Kartın məlumatları da bizdə var, çekləri də əlimizdədir”, - deyə o bildirib.

Məhkum əlavə edib ki, ondan otaq, istilik sistemi, telefon istifadəsi və digər xidmətlər adı altında ödəniş tələb olunub:

“Mənə deyirlər, 150 manat otağın pulu, 50 manat istilik sisteminin pulu. 700 manat telefonun pulu. Ayda telefonla danışmısan, 700 manat edir. 150 manat ver səni ağır rejimli korpusa atacağıq yoxsa, onun pulu. İynə-dərman. Belə bir şeylərlə. Heç nəyə də qol çəkməmişəm”.

Anar Vəliyev iddia edib ki, sözügedən rüşvət və korrupsiya hallarına müəssisənin rəisi Rəsul Vəliyev və müavini Cavid Zeynalov nəzarət edir.

Məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, məsələ araşdırılır və əlavə məlumat veriləcək. Lakin material dərc olunanadək rəsmi cavab təqdim edilməyib.