Təl-Əvivə silah daşıyan Səudiyyə gəmisi İtaliyada saxlanılıb

İsrail rejiminə silah aparan Səudiyyə Ərəbistanı gəmisi İtaliyanın Genuya limanında işçilər tərəfindən mühasirəyə alınıb.

Genuya limanının işçiləri Səudiyyə Ərəbistanına məxsus “Yanbu” adlı gəminin İsrail rejiminə məxsus hərbi texnika daşıdığını aşkar edərək, gəminin keçməsinə mane olublar.

Məlumata görə, ABŞ-dan yola düşən və hərbi texnika daşıyan gəmi bölgəyə doğru hərəkət edərkən liman işçiləri yükün işğal olunmuş ərazilərə yönəldiyini anlayıblar. Təxminən 40 liman işçisi gəmiyə minərək onu mühasirəyə alıb.

Genuya Limanı rəsmiləri insidentdən sonra silah qaçaqmalçılığının qarşısını almaq üçün daimi yoxlama mexanizmi yaratmağa söz verib.

Liman işçiləri "Biz müharibə üçün işləmirik" deyib və 2019-cu ildə oxşar şəkildə Səudiyyə Ərəbistanından başqa bir silah göndərişinin qarşısını aldıqlarını xatırladılar. İtaliya Müstəqil Dokerlər İttifaqının prezidenti vurğuladı ki, bu cür gəmilərlə əməkdaşlıq həm də işçilərin Qəzzada müharibə cinayətlərinə və soyqırımına şərik olmasına səbəb olacaq.