Sovetski”də yalnız qəzalı tikililər sökülür?

Bakı şəhərində son dövrlərdə aparılan söküntü işləri ictimai müzakirələrə səbəb olub. Bu müzakirələrlə bağlı açıqlama verən Bakı şəhər İcra Hakimiyyəti bildirib ki, “Sovetski” – “Bayırşəhər” ərazisində gedən söküntü işləri zamanı tarixi binalar yox, yalnız qəzalı vəziyyətdə olan tikililər sökülüb.
“Fakt Yoxla” açıqlamanın doğru olub-olmadığını yoxlayıb.
2014-cü ildə Yasamal rayonunun “Sovetski” məhəlləsində başlayan söküntü prosesi onlarla tikilinin tarix və mədəniyyət abidələrinin siyahısından çıxarılaraq dağıdılması ilə yadda qalmışdı.
“Bayırşəhər” kimi tanınan ərazidə Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə 70-dən çox tarix və mədəniyyət abidəsinin olduğu müəyyənləşib. Bu bölgə Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən Mərkəzi Planlaşdırma Rayonunun tərkibində Xüsusi Mühafizə Zonası kimi təsnif olunub.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əsasən, tarixi abidə “tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri” olaraq müəyyən edilib.
Bu qanunun “Abidələrin toxunulmazlığı” maddəsində abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılmasının qadağan olduğu qeyd olunub. Qanunun 27-ci maddəsinə görə isə abadlıq işləri zamanı “qoruğun və qoruq zonasının sərhədi, abidələrin konfiqurasiyası dəyişdirilməməli, ənənəvi küçə şəbəkələri isə olduğu kimi saxlanılmalıdır” deyə göstərilib.
İndiyədək mühafizə zonasına daxil olan Murtuza Muxtarov, Mirzə Fətəli Axundov, Zərgərpalan, Nabat Aşurbəyova, Molla Vəli Vidadi, Çingiz Mustafayev və Lev Tolstoy küçələrində söküntü işləri görülüb, habelə Əlövsət Quliyev küçəsi 36 ünvanı dağıntılara məruz qalıb. Bu proses tarixi abidələrin sökülməsini və ənənəvi küçə şəbəkələrinə birbaşa zərər yetirilməsini ehtiva edir.
Faktlar göstərir ki, Bakının Baş Planına, Nazirlər Kabinetinin qərarlarına və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa görə, “Bayırşəhər”dəki inşaat prosesi tarixi binaların sökülməsi hesab olunur.
“Fakt Yoxla”nın qənaətincə, Bakı Şəhər İcra Hakimiyyətinin yalnız qəzalı tikililərin söküldüyü ilə bağlı açıqlaması yanlışdır.