Ruhani Əli Əliyevin məhkəməsi davam edib

Yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ruhani Hacı Əli Əliyevin növbəti məhkəməsi keçirilib. Prosesdə ruhani Hacı Əli Əliyev özü də iştirak edib.
Bu dəfəki prosesdə sonuncu şahid Azər Səricanov dindirilib və ruhani Hacı Əli Əliyevin xeyrinə ifadə verib.
O, bildirib ki, Hacı Əli Əliyevi 90-cı illərdən Qum şəhərində təhsil alarkən tanıyıb. Onu yüksək əxlaqlı, mədəniyyətli insan kimi qiymətləndirir. "Onun İranın hər hansı orqanı ilə əməkdaşlıq edib etməməsi barədə məlumatım yoxdur." Hakim ibtidai istintaq zamanı şahidin verdiyi ifadəni elan edərək bildirib ki, ifadədə o, Hacı Əli Əliyevin İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsini ehtimal etdiyini bildirib. A. Səricanov həmin cümləni təsdiq etmədiyini, müstəntiq tərəfindən qəsdən yazıldığını qeyd edib. Bildirib ki, istintaq zamanı ifadəsi dəyişdirildiyi üçün 4 dəfə yenidən yazmağa məcbur olub. Sonuncu ifadəsini isə ona tam oxumağa imkan verməyiblər və həmin cümləni görməyib. Ona görə də həmin cümlənin özü tərəfindən deyilməsini inkar edir.
Daha sonra ruhani Hacı Əli Əliyev ifadə verib. O, bildirib ki, ona qarşı irəli sürülən ittihamları qəbul etmir və ilkin istintaq zamanı təzyiq altında ifadə verib. Ruhani heç bir xüsusi xidmət orqanı ilə əlaqəsinin olmadığını və heç bir dövlət sirri olacaq məlumatı bilmədiyini qeyd edib.
Növbəti məhkəmə iclası yanvar ayının 29-u saat 11:00-a təyin olunub.
Xatırladaq ki, ruhani Hacı Əli Əliyev bu il aprelin 6-da (Ramazan ayında) son zamanlar İranla Azərbaycan arasında gərginləşən münasibətlərin ardınca şərlənərək həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

Maidə.az