Respublikaçı konqresmenlər ABŞ-ın Ukraynaya yeni yardım paketinin təsirinin olacağına şübhə ilə yanaşır

ABŞ Senatının bu ayın əvvəlində təsdiq etdiyi 95 milyard dollarlıq xarici yardım paketi Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında dalana dirənib və bu, Ukraynaya Rusiyanı məğlub etmək üçün 60 milyard dollarlıq yardımın çatdırılmasını təhlükə altına alıb. Konqres liderləri bu çıxılmaz vəziyyəti müzakirə etmək üçün çərşənbə axşamı ABŞ prezidenti Co Baydenlə görüşüb.

Ukraynalılar həlak olanları dəfn edərkən və Rusiya işğalının ikinci ildönümünü qeyd edərkən, Birləşmiş Ştatlar prezidenti ABŞ qanunvericilərinə xəbərdarlıq edib. "Hərəkətsizliyin nəticələri hər gün Ukrayna üçün dəhşətdir".

Nümayəndələr Palatasının spikeri Mayk Conson İsrailə 14 milyard dollar, Tayvana Çin təcavüzü ilə mübarizəyə də olmaqla, Hind-Sakit okean tərəfdaşları üçün 4,8 milyard dolların da daxil olduğu 95 milyard dollarlıq yardım paketini ABŞ-Meksika sərhədində vəziyyət düzəlməyənə qədər təsdiqləməyəcəyini deyib. "Ölkənin birinci prioriteti sərhədimiz və onun təhlükəsizliyini təmin etməkdir. Mən prezidentin bu gün bunun icrasını öz üzərinə götürə biləcəyinə inanıram".

Ukraynaya yardım müqabilində ABŞ-ın immiqrasiya qanununda dəyişiklik edilməsinə dair ikitərəfli razılaşma aylarla davam edən danışıqlardan sonra Respublikaçıların etirazları səbəbindən dalana dirəndi. Senatdakı çoxluğun lideri Çak Şumer Consonu tarixdəki rolunu düşünməyə çağırdığını deyib. "Əgər siz doğru addım atmasanız, cari siyasət nə olursa olsun, peşman olacaqsınız."

Lakin Konqres Respublikaçıların çoxu ABŞ-ın Ukraynaya yeni yardım paketinin təsirinin olacağına şübhə ilə yanaşır. Respublikaçı senator Ron Conson: "Bizim üzləşməli olduğumuz reallıq ondan ibarətdir ki, [Rusiya prezidenti] Vladimir Putin bu müharibəni uduzmayacaq".

Demokratların Respublikaçılardan yan keçə və prosedur manevrindən istifadə edərək, xarici yardım qanun layihəsini birbaşa Nümayəndələr Palatasında səsverməyə çıxarmaq imkanı var. Demokrat partiyasının nümayəndəsi Ceymi Raskin Amerikanın Səsinə deyib ki, bu manevrin uğur qazanması üçün dəstəyi var. "Çıxarış ərizəsində Konqres üzvlərinin əksəriyyətinin imzası bu sözlərlə olacaq: “Bu qanun layihəsini komitədən çıxarın və səsvermə üçün müzakirəyə qoyun".

Nümayəndələr Palatasının qanunvericiləri iclasa çərşənbə günü qayıdır. Lakin martın 1-i və 8-i tarixlərindən sonra onlar dərhal ABŞ hökumətinin maliyyələşdirilməsi üzərində işləməli olacaq.

 

Amerikanın Səsi