Qubad İbadoğlu ADR partiyasını buraxdığını açıqlayıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki,  Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu partiyanı buraxdığını elan edib.

O bu barədə Turana bildirib.

Onun sözlərinə görə , bu addımı “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq atıb:

“Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi mürtəce “Siyasi partiyalar haqqında” Qanununun fundamental azadlıqlara zidd olan 4.7.-ci maddəsinə görə "Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir". Odur ki, ADR Partiyası olaraq fəaliyyətimizi qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bununla əlaqədar olaraq, partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam” Qubad İbadoğlu deyib.

Qubad İbadoğlu qeyd edib ki, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclis verəcək. O, bu barədə ictimaiyyəti məlumatlandıracağını əlavə edib.

 O deyib ki, partiya fəaliyyətini bundan sonra hərəkat olaraq davam etdirəcək.

"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulunun əsas məqsədlərindən biri də Prezident Adminstrasiyasının göstərişi ilə Ədliyyə Nazirliyinin dövlət qeydiyyatından 4 dəfə imtina etdiyi, Apelyasiya Məhkəməsinin işə baxmadığı, Ali Məhkəmənin işi icraata götürmədiyi ADR Partiyasının fəaliyyətinə bu yolla əngəl yaratmaq idi. Buna qısa müddətdə olsa da nail ola bildilər, amma çox çəkməz. Əsas odur ki, müstəqilliyimizi qeydiyyata qurban vermədik, bu yolda partiya rəhbərliyi olaraq vahid mövqe nümayiş etdirdik, dəyərlərimizə sonadək sadiq qaldıq, hakimiyyət ADR-in qeydiyyat məsələsini sövdələşmə predmetinə çevirə bilmədi” – Qubad İbadoğlu bildirib.

Azərbaycan Demokratiya və Rifah Partiyası 2015-ci ildə yaradılmış Demokratiya və Rifah Hərəkatının bazasında 2021-ci il oktyabrın 17-də təsis edilib. Təşkilata iqtisad elmləri doktoru Qubad İbadoğlu rəhbərlik edir.

Ədliyyə Nazirliyi artıq dördüncü dəfə ADR Partiyasının dövlət qeydiyyatına alınmaq üçün təqdim etdiyi sənədləri çatışmazlıqlar səbəbi ilə geri qaytarıb. Buna etiraz olaraq partiya  dəfələrlə  Ədliyyə Nazirliyi qarşısında  aksiya keçirib.

Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" qanunu imzalayıb. Qanunun mətni yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib.

Qanuna əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün azı 5000 üzvü olmalıdır. Qanunun qəbulundan sonra üzvlərinin sayını 180 gün ərzində 5 min nəfərə çatdıra bilməyən partiyaların ləğvi barədə Apelyasiya Məhkəməsində iddia qaldırılacaq. Bundan başqa, partiyalar üzvlərinin reyestrini tərtib edib müvafiq orqana təqdim etməlidir.

Siyasi partiya azı 50 vətəndaş tərəfindən təsis edilə biləcək.