İsraildə müharibəyə etirazlar genişlənib

Sionist rejimin işğal etdiyi müxtəlif bölgələrində müharibəyə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib. Etirazlar təxminən 20 fərqli nöqtədə təşkil olunub.

Aksiyalar “əbədi müharibəyə yox, ədalətli və təhlükəsiz sülhə bəli” şüarı ilə keçirilib və müxtəlif ictimai təşkilatların iştirakı ilə baş tutub.

Əsas aksiya Təl-Aviv şəhərində, “Habima” meydanında keçirilib. Burada yüzlərlə etirazçı toplaşıb.

Lakin polis aksiyanı dağıdaraq iştirakçıları ərazidən uzaqlaşdırıb. Müdaxilə “təhlükəsizlik qaydalarının pozulması” ilə əsaslandırılıb.

 

Etirazçıların tələbləri

Etirazçılar müxtəlif şüarlar səsləndiriblər. Bunlar: “Müharibə yox, həyat istəyirik”, “Daha çox müharibə istəmirik”, “Xalqlar yaşamaq istəyir”, “Faşist hökumətə yox”

Onlar həmçinin regionda mülki itkilərin artmasına diqqət çəkərək, uşaqların qorunmasını və müharibələrin dayandırılmasını tələb ediblər.

Aksiyalar “Sülh tərəfdaşlığı” adlı koalisiya tərəfindən təşkil olunub. Bu qurum onlarla vətəndaş cəmiyyəti və insan hüquqları təşkilatını birləşdirir.

Aksiyalarda daha əvvəl hökumətə qarşı etirazlarda iştirak etmiş qruplar da yer alıb.