Qrup məscidləri partlatmağı, Makronu öldürməyi, bəzi deputatları oğurlamağı və hökuməti devirməyi planlaşdırıb

Fransa prezidenti Emmanuel Makrona qarşı sui-qəsd və digər hücumlar planlaşdırmaqda ittiham olunan ifrat sağçı qrupla əlaqəsi olan 13 nəfər məhkəmə qarşısına çıxıb. Prokurorlar, Barjols qrupunun üzvlərinin 2018-ci ildə Makronun ictimai çıxışı zamanı hücum təşkil edərək qiyam başlatmağı planlaşdırdıqlarını bildiriblər. Şübhəlilər 26-66 yaşlarında olan 11 kişi və 2 qadındır.

Telefon dinləmələri və görüşlərdən onlayn sübutlar təqdim edən prokurorlar, şübhəlilərin immiqrantları öldürməyi və məscidlərə hücum etməyi də planlaşdırdıqlarını söylədi. Prokurorların irəli sürdüyü bu planların heç biri baş tutmayıb. Bu səbəbdən 4 il davam edən istintaqda ilkin cinayət tələbləri də ləğv edilib. İşdə hələ də qüvvədə olan ən mühüm ittiham terror aktı törətmək üçün sui-qəsddir və maksimum 10 il həbs cəzası verilə bilər. Müdafiə tərəfinin vəkillərindən Lucile Collot, prokurorların iddialarının sırf zorakılıq hərəkəti olacağına dair uydurma olduğunu vurğulayır. Collot terror aktı ilə bağlı ittihamın əsassız olduğunu bildirir.

Xatırladaq ki, 2018-ci ildə Fransa kəşfiyyatına verilən məlumatda Fransanın Alp dağlarında yerləşən ifrat sağçı qrupun noyabr ayında keçirilən Birinci Dünya Müharibəsini anma mərasimində Makrona hücum etməyi planlaşdırdığı bildirilmişdi ki, bununla bağlı üç şübhəlini həbs esilmişdi. Polis daha sonra 2017-ci ildə Facebook-da qurulan Barjols hərəkatının lideri Dennis Collinet-i və digər üzvlərini yaxalamışdı. Prokurorlar iddia edirdilər ki, qrup keçirdiyi ilk iclasda məscidləri partlatmağı, Makronu öldürməyi, bəzi deputatları oğurlamağı və hökuməti devirməyi planlaşdırıb. AFP-yə danışan müdafiəçi vəkillərdən biri Olivia Ronen, şübhəlilərin belə söhbətlərin olduğunu etiraf etdiklərini, lakin bundan başqa bir şey olmadığını vurğulayıb.

Dinləmələrin fevralın 3-də yekunlaşacağı gözlənilir.