Putin Rusiya neftinə qiymət limitinin tətbiqindən sonra BƏƏ lideri ilə danışıb

Bu gün, çərşənbə Rusiya prezidenti Vladimir Putin BƏƏ-nin dövlət başçısı Məhəmməd bin Zayid Ali-Nihyanla telefon vasitəsilə danışıqlar aparıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Kremlin bəyanatında deyilir.

“Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin başçısı Məhəmməd bin Zayid Ali-Nihyan ilə telefon danışığı aparıb. Qlobal neft bazarının sabitliyini təmin etmək üçün OPEC+ çərçivəsində birgə fəaliyyətin səmərəliliyi qeyd edilib, razılaşdırılmış qərarların bütün iştirakçı ölkələr tərəfindən ardıcıl icrası vurğulanıb”, deyə Kremlin məlumatında əlavə edilib.

Bildirilib ki, bir sıra Qərb ölkələrinin dünya ticarətinin prinsiplərinə zidd olaraq Rusiya neft xammalının qiymətinə anti-bazar məhdudiyyətləri tətbiq etmək cəhdləri kontekstindəki vəziyyət müzakirə edilib.

Qeyd edək ki, Qərb dövlətləri Rusiya neftinə qiymət limitinin tətbiqinə dair qərar veriblər.

Qərara əsasən 5 dekabrdan etibarən Rusiya neftinin 1 bareli üçün alış qiyməti maksimum 60 dollar müəyyən edilib. Qərara görə neft bazar qiymətindən azı 5% ucuz alınmalıdır. Bundan əlavə, Rusiya neftini daşıyan tankerləri texniki yardım və maliyyə xidmətlərinin göstərilməsi qadağan olunur.