Pentensiar Xidmət Qobustan həbsxanası ilə bağlı açıqlama verdi

Penitensiar Xidmət rəsmisi: “Həqiqətə uyğun deyil”
 
Qobustan həbsxanasındakı ağır vəziyyət, həbsxana rəhbərliyinin qanunsuz hərəkətləri, məhbusların həyatlarının təhlükə altında olması ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlanıb.
 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağının ünvanladığı müraciətdə deyilir ki, ömürlük məhbus yaxınları və rəsmi nümayəndəsi olduğu məhbuslardan aldığı məlumatlara əsaslanır: “Qobustan həbsxanasında cəza çəkən məhbusların saxlanma şəraitində yaranmış ciddi problemlərlə bağlı toplantı keçirmiş və Qobustan həbsxanasının rəisi Aftandil Ağayevin məhbus və onların yaxınlarına yaratdığı ciddi problemlər, dözülməz saxlanma şəraiti barədə məhbus yaxınlarından məlumat almışıq. Məhbus yaxınlarının çıxışları və məhbusların yazılı müraciətləri ilə tanış olduqda, həbsxana rəisi Aftandil Ağayevin dövlətimizin ali qanunlarından xəbərsiz olduğu təsəvvürü yaranır. Məhbus və məhbus yaxınları bildirirlər ki, rəis tərəfindən məhbuslarla qəsdən yaradılmış qarşıdurma hər bir məhbusun həyatına ciddi təhlükədir”. 
 
Akif Nağı dövlət başçısına müraciətində qeyd edir ki, 23 il ömürlük cəza çəkən məhbusun anasının verdiyi məlumata görə, Qobustan həbsxanasında 1998-ci ildən bu günə kimi təyin olunan heç bir rəis bu dərəcədə rüşvətxorluğa, kobud qanun pozuntularına yol verməyib: “Ömürlük cəza çəkən məhbusların saxlanma şəraiti bu dərəcədə dözülməz olmamışdı! Aftandil Ağayev əvvəllər cəzaçəkmə müəssisələrindən birində (12 saylı) rəis olduğu zaman da eyni ilə məhbuslar işgəncələrə məruz qalmaqla yanaşı, onun rüşvətxorluğuna kütləvi şəkildə etiraz edilmiş və Aftandil Ağayev işdən çıxarılmışdı. O, Qobustan həbsxanasına rəis təyin edilən gündən məhbuslara qarşı qeyri-insani münasibətini daha qəddarlıqla davam etdirir. O, qəsdən məhbuslar arasında qarşıdurma yaradıb, onların həyatına təhlükəni son həddə çatdırıb. Rəis Aftandil Ağayev həbsxananı qəddar, qeyri-insani və öz ”qanunları" ilə “tənzimləyərək”, oranı şəxsi mülkiyyətinə çevirmişdir!" 
 
Ağayev bu həbsxanaya rəis təyin olunandan ciddi səbəb olmadan qapalı həbsxanada imkansız məhbuslara əl qandalı tətbiq edir, qəbuluna gətirtdiyi məhbusu 5 saata qədər, qollarını ağrılı vəziyyətdə arxaya qandallayaraq, bəzən də qəbul otağının qarşısında olan dəmir boruya bərkidərək, yayda qızmar günəş şüası altında, qışda isə şaxtada saxlamaqla onlara dözülməz işgəncələr verdirir: “Cüzi səbəbdən cəza tətbiq etdiyi məhbusu əvvəl kluba apararaq, şəxsən iştirakı ilə amansızlıqla döydürüb qollarını arxadan çarpayıya qandallayaraq, uzun müddət karsda saxlatdırır. Daha çox şəxsi işgəncə növlərinin tətbiqi məhbusu islah olunmaya yox, ölüm hökmü icrasına gətirəcəyini hesab etmək olar! Son zamanlar ölən məhbusların sayına nəzər salsaq, ölüm hökmünün işgəncələrlə icra olunduğu anlamına gəlmək olar!”
 
Akif Nağı dövlət başçısından xahiş edir ki, həbsxananı növbəti dəfə gəlir mənbəyinə çevirmiş Ağayevin cinayət xarakterli hərəkətləri araşdırılsın və yaranmış təhlükənin qarşısının alınmasına göstəriş verilsin.
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov müraciətlə bağlı “Yeni Müsavat”a münasibət bildirib: “Qobustan Həbsxanasında xüsusilə ağır cinayət törətmiş ömürlük həbs cəzasına məhkum olunmuş şəxslər, eyni zamanda cəzaçəkmə müəssisələrində rejim qaydalarını dəfələrlə kobud, qərəzli surətdə pozmuş şəxslər saxlanılır. Orada saxlanılan kontingent digər müəssisələrdə saxlanılanlarla eyni deyil. Həmin kontingentlə işləmək üçün Qobustan Həbsxanasına kifayət qədər təcrübəli əməkdaşlar cəlb olunub. Adı hallandırılan rəisi də təcrübəli kadrlardandır. İşin spesifikasını gözəl başa düşən kadrdır. Eyni zamanda orada da digər saxlama yerlərində olduğu kimi saxlama ilə bağlı hüquqi normativ sənədlər var. Daxili intizam qaydalarına, Cəzaların İcrası Məcəlləsinin tələblərinə hər kəs riayət etməlidir. 23 il Qobustan Həbsxanasında saxlanılan məhkumun anası şikayət edir və o ananı da anlayırıq. Çünki istəyir ki, oğlunun cəza növü 15 illə əvəzlənsin. İllərdir ki, bu məsələni qaldırırlar. Demək istəyirəm ki, orada hər hansı bir məhkuma qarşı işgəncədən söhbət gedə bilməz”. 
 
Müraciətlə bağlı araşdırma aparılıb-aparılmayacağı ilə bağlı xidmət rəhbəri deyib ki, məsələ müvafiq qaydada araşdırılacaq: “Penitensiar Xidmət tərəfindən məhkumlara qida rasionunun qanunvericiliyə uyğun qaydada verilməsi çox vacib məsələdir. Əlbəttə ki, bu məsələlərlə bağlı araşdırmalar da gedir, izlənilir də bu məsələlər. Əgər hər hansı bir neqativ hal varsa, müvafiq qaydada ölçü də götürülür. Amma onun yazdığının heç biri həqiqətə uyğun deyil”.
 
musavat.com