Penitensiar Xidmət: Şəfəq Ağacan aclıq aksiyası keçirmir

Penitensiar Xidmət həbsdə olan Şəfəq Ağacanın aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 
"Report.az" xəbər verir ki, bu barədə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib ki, Ş.Ağacan heç bir aclıq aksiyası keçirmir.
 
Onun sözlərinə görə, barəsində həbs qətimkan tədbiri seçilmiş qadın su və qida qəbul edir: "Penitensiar Xidmətin rəhbərliyindən olan rəsmi şəxs İstintaq Təcridxanasında məhkumların və həbs edilmiş şəxslərin qəbulunu keçirib. O cümlədən Şəfəq Ağacan da həmin qəbulda olub, onunla söhbət edilib. Şəfəq Ağacan heç bir probleminin olmadığını, aclıq aksiyası da keçirmədiyini bildirib”.
 
Rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.
 
Ş.Ağacan "Bakupress” milli informasiya agentliyinin rəhbəridir.