Üç illik cəza müddətini başa vurub, azadlığa çıxmasına iki gün qalmış haqqında yenidən cinayət işi başlanan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin dediklərinə Penitensiar Xidmətdən cavab gəlib.
Məmməd İbrahim deyir ki, yatağından tapıldığı iddia olunan bıçaq tiyəsinin ona aidiyyəti yoxdur. AXCP funksionerinin sözlərinə görə, tiyəni onun həbsdən çıxmasının qarşısını almaqdan ötrü siyasi sifarişlə elə cəzaçəkmə müəssisəsinin əməkdaşları qoyub.
Penitensiar Xidmət isə Məmməd İbrahimin dediklərini təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, Məmməd İbrahimin yatağından kəsici alət tapılması hal şahidlərinin iştirakıyla həyata keçirilib:
"Bizim nəinki o şəxslə, heç bir məhkuma qarşı qərəzimiz yoxdur. Cəzaçəkmə müəssisəsində kiminsə yatağına kəsici alət qoyulması cinayətdir və bizim əməkdaşlar heç bir halda, belə cinayətə yol verməzlər. Həmin şəxsin imkanı var ki, müvafiq orqanlara şikayət eləsin, araşdırılsın".
Məmməd İbrahimin yatağından bıçaq tiyəsi tapıldığı iddia olunaraq, ona qarşı CM-in 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal rayon Məhkəməsi onun barəsində istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçib.
CM-in 317-2.1 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub.
Mikayıl Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.
Bundan sonra Məmməd İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Həmin cəza sentyabrın 29-da başa çatıb.
Penitensiar Xidmət Məmməd İbrahimə cavab verib
Oxşar xəbərlər