Müxbir baş prokurora və daxili işlər nazirinə müraciət edib

"Kanal 13” internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edib.
 
Azadliq Radiosunun məlumatına görə, İsmayıl İslamoğlu müraciətində bildirib ki, tanımadığı şəxslər onu oğurlayıb, ardınca 3 gün müddətində mənəvi və fiziki işgəncələrə məruz qalıb: "Oktyabrın 26-da işdən çıxıb evə gedərkən naməlum şəxslər qarşımı kəsib, məni zorla maşına otuzdurub naməlum istiqamətə aparıblar. Təzyiqlərə məruz qalmışam və sorğu-sual edildikdən sonra məni Bakı Şəhər Baş Polis İdarəsinə gətirib, orada da müxtəlif mövzularda suallar veriblər”.
 
Jurnalist hesab edir ki, onun nümunəsində adam oğurluğu baş verib və bu işdə günahkar şəxslər məsuliyyətə cəlb edilməlidir.
 
İsmayıl İslamoğlu müraciətində bildirib ki, onun itkin düşüb, sonra yenidən tapılması haqqında verilən bəyanat həqiqəti əks etdirmir: "Baş verənlər haqqında sosial şəbəkədə canlı yayımla çıxış etmişəm. Hüquq mühafizə orqanları isə mənə qarşı törədilənləri təkzib edir. Hörmətli nazir və hörmətli baş prokuror, məlumat üçün əlavə edim ki, mən başıma gələn hadisələr haqqında şəxsən sizinlə görüşməyə, lazımi orqanlara bu haqda məlumat verməyə hazıram. Məni qəbul edib dinləməyinizi sizdən xahiş edirəm”.
 
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti jurnalistin saxlanılması barədə yayılan məlumatları təkzib edib.
 
"Turan” agentliyinin məlumatına görə, mətbuat xidməti bildirib ki, sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində İsmayıl Nadirlini (İsmayıl İslamoğlu) polisin saxlaması barədə söylənilən fikirlər həqiqəti əks etdirmir: "Oktyabrın 26-da Şirvan rayon sakini İsmayıl İslam oğlu Nadirlinin itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət daxil olub. Nişanlısı müraciətində vurğulayıb ki, İsmayıl Nadirli oktyabrın 26-da saat 20:00 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb… İtkin düşmüş kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci polis bölməsinə təhvil verilib”.
 
İsmayıl İslamoğlu evinə oktyabrın 29-u axşam qayıdıb. O, bu barədə oktyabrın 30-u gecə saatlarında "Facebook” səhifəsində yaydığı video müraciətində bildirib.