Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Böyük Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) bağlanıb.
Bu barədə şirkətin direktoru BBC News Azərbaycancaya məlumat verib.
2008-ci ilin iyul ayında təsis olunan şirkətin bağlanması Birləşmiş Krallıqda qeydiyyatda olan şirkətlərin rəsmi siyahısında yerləşdirilən sənədlərdə göstərilir.
Sənədlərə əsasən, The European Azerbaijan Society (TEAS) adı ilə qeydiyyatda olan təşkilatın bağlanmasına dair qərar bu il, iyul ayının 6-ı verilib.
TEAS-ın keçmiş direktoru, Lionel Zetter şərh verməkdən imtina edib.
TEAS Britaniyada və bir neçə Avropa ölkələrində Azərbaycana dair tədbirlər təşkil edib və şirkətin adı Azərbaycana qarşı korrupsiya iddialarında hallanıb.
Rəsmi sənədlərdə TEAS-ın 2008-ci il, iyulun 2-də təsis edildiyi göstərilir.
2013-cü il, mayın 31-də təşkilatın direktorları Tale Heydərov və onun kiçik qardaşı Nicat Heydərov, TEAS-ın direktor vəzifəsindən çəkilərək, onu Lionel Zetterə ötürüblər.
Sənədlərdə həmçinin şirkətin ləğvilə bağlı qərar da təsvir olunur:
"Adı yuxarıda çəkilən şirkətin üzvlərinin cümə günü, 6 iyul, saat 16:15-də keçirilən ümumi görüşündə xüsusi qətnamə qəbul olunub:
Xüsusi Qətnamə
i. "Şirkət işini könüllü olaraq sona çatdırsın"
Sayt şirkətin keçmiş direktoru Lionel Zetterlə əlaqə saxlayıb, lakin o, şirkətin bağlanmasına dair suallara şərh verməkdən imtina edib.
Cənab Zetter LinkedIn şəbəkəsində verdiyi məlumatda bu ilin iyun ayına qədər TEAS-ın direktoru olduğu göstərilir.
Fəaliyyəti
TEAS əsasən Britaniya, lakin həmçinin müxtəlif Avropa ölkələrində tədbirlər təşkil edib.
Artıq fəaliyyətdə olmayan saytında, şirkət özu haqqında məlumat bölməsində yazır ki, onun məqsədi "Azərbaycan barədə insanları məlumatlandırmaq və Avropa ölkələrilə Azərbaycan arasında siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsinə vasitəçilik" etməkdir.
Britaniyadan başqa, şirkət həmçinin Azərbaycan, Fransa, Almaniya, Belçika və Türkiyədə də fəaliyyət göstərib.
Son illərdə şirkətin keçirdiyi tədbirlərin sayının azaldığı müşahidə olunub.
TEAS konsert və sərgilərlə yanaşı, Qarabağ münaqişəsi və onun müzakirəsinə dair bir çox tədbirlər təşkil edib.
Korrupsiya ittihamları
TEAS-ın fəaliyyəti Avropada dərc olunan korrupsiya iddialarında da bir neçə dəfə hallanıb.
The Guardian qəzeti, Economist jurnalı, Araşdırmaçı Jurnalistika Bürosu, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) dərc etdikləri məqalə və hesabatlarda TEAS-ın avropalı siyasətçilərinin Azərbaycana səfərlərini maliyyləşdirdiyinə diqqət gətiriblər.
2016-cı ilin noyabr ayında dərc olunan məqaləsində, the Economist jurnalı hazırda Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Katibi, Liam Fox-un TEAS-la əlaqələrinə diqqət yetirib.
Məqalədə qeyd olunur ki, TEAS mühafizəkar deputat olan Liam Fox-un "indiyədək demək olar ki, maraq doğurmayan "Rising Tides" (Yüksələn Dalğa) kitabının tərcüməsi üçün icazə istəyən yeganə təşkilatdır".
TEAS-ın kitabın tərcüməsi üçün 5,700 funt sterlinq (bu günkü məzənnə ilə 12.550 manat) ödədiyi və kitabın Azərbaycandaki buraxılışına həsr olunan tədbirdə işitirakını maliyyələşdirdiyi bildirilir.
The Economist qeyd edir ki, bundan sonra cənab Fox Bakıda prezident İlham Əliyevlə görüş keçirib və Avropanın Azərbaycana dair insan haqları kampaniyalarına "boş yerə pul xərcləndiyi" dediyi iddia olunur.
Kəmaləddin Heydərovun oğlunun təşkilatı bağlandı
Oxşar xəbərlər