''Hakimiyyət bu tipli sərəncamlarla imitasiya etdi''

Hüquq müdafiəçiləri və siyasilər Əfv sərəncamını qiymətləndiriblər

Prezident İlham Əliyev mayın 24-də əfv sərəncamı imzalayıb. 634 nəfərin adının daxil edildiyi siyahıda yerli və xarici hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi 12 nəfərin adı daxil edilib.

Sərəncamla bağlı Meydan TV hüquq müdafiəçilərinə müraciət edib.

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyib ki, əfv sərəncamlarını daha çox siyasi məhbus kontekstində qiymətləndirirlər.

Onun fikrincə, siyasi məhbusların azadlığa çıxması üçün qanunvericilikdə bir neçə mexanizm var və onlar da bu kontekstdən yanaşılır:

Rəsul Cəfərov

“Təəssüflər ki, bir qədər 2016-cı il əfv sərəncamı istisna olmaqla indiyə qədər imzalanan sərəncamlar siyasi məhbus problemini həll etməyib. Ona görə mayın 24-dəki sərəncam da müsbət deyil. Hesab edirik ki, hakimiyyət siyasi məhbus sayılan şəxsləri azad etmək istəmir. Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən tədbirlər müstəvisindən baxsaq, bu dəfə də problem yenə həll olunmamış qaldı, bu sərəncam da əldən buraxılmış növbəti imkan sayılmalıdır”.

Onun həmkarı Samir Kazımlı bildirib ki, sərəncama heç yarımçıq əfv də demək olmur:

Samir Kazımlı

“140-dan çox siyasi məhbusun 12-i buraxılıb. Görünən odur ki, siyasi məhbus problemi ciddi problem olaraq qalmaqdadır və hakimiyyət bu problemi aradan qaldırmaq istəmir. Əliyevlər hakimiyyəti dövründə bugünə kimi verilən 50-yə yaxın əfv sərəncamı ölkədəki siyasi məhbus problemini həll etməyib və etmir də. Sadəcə hakimiyyət bu tipli sərəncamlarla imitasiya edir”.

Səadət Bənənyarlı, ümumiyyətlə, əfv sərəncamlarının imzalanmasını müsbət qiymətləndirdiyini deyir.

“Ancaq istərdim ki, bu gün hüquq müdafiəçilərinin siyahısında olan, cəmiyyətin diqqət mərkəzində olan insanlar da əfv edilsin”.

Səadət Bənənyarlı

O, sərəncamın yarımçıq olması barədə suala belə cavab verib:

“Bu sualı Əfv Komissiyasına ünvanlayın ki, siyahıda nə qədər adam var idi ki, yarımçıq olub”.

Keçmiş siyasi məhbus Anar Məmmədli bildirib ki, siyasi məhbuslar arasında adı əfv siyahısına düşənlər onların gözləntilərinin 10/1 hissəsi deyil:

“Hələ də ölkədə 130-dan artıq siyasi motivlərlə həbsdə olan ictimai-siyasi fəallar, jurnalistlər, siyasi liderlər və keçmiş məmurlar varsa, bu sərəncam ölkədə siyasi barışığın nümunəsi deyil. Bu sərəncamla siyasi hakimiyyət bir daha göstərdi ki, ölkədə demokratiya və siyasi azadlıqlara hazır deyil, buna siyasi iradəsi çatmır və alternativ siyasi fikirdən ehtiyat edir. Həbsdə qalan ictimai-siyasi fəalların sayı, onların dəyanəti və varlığı isə xalqımızın azadlıq və demokratiya sevgisin göstəricisidir”.

Anar Məmmədli

O deyib ki, bu il mövcud siyasi rejimin qurulmasının 25 ili tamam olacaq:

“Geridə qalan 25 ildə Azərbaycanda siyasi məhbussuz il olmayılb. Bu da bir tarixdir və kim deyirsə ki, Azərbaycan xalqı demokratiyaya hazır deyil, ona 25 illik repressiya tarixi xatırladın - həbsdə olmuş və hazırda həbsdə olan azərbaycanlıların adlarını sadalayın”.

AXCP sədri Əli Kərimli də sərəncama öz “Facebook” səhifəsində münasibət bildirib:

Əli Kərimli

“İlham Əliyev siyasi məhbus problemini həll etmək üçün cümhuriyyətin 100 illiyi kimi bir fürsəti də dəyərləndirə bilmədi. Bu Əfv sərəncamı demək olar ki, siyasi məhbus mövzusuna toxunmadı. Əlbəttə, AXCP fəalı, xərçəng xəstəsi Elnur Fərəcovun, Saday Şəkərlinin, bir qrup Nardaran məhbusunun (onların həbs müddətinin başa çatmasına az qalmışdı) azadlığı çıxması da yaxşı xəbərdir. Azadlıq onların haqqıdır. Ancaq Gözəl Bayramlı, İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Seymur Həzi, Asif Yusifli, Mehman Hüseynov, İlkin Rüstəmli, Məmməd İbrahim, Əfqan Muxtarlı, Qiyas İbrahimov, Bayram Məmmədov və cəmi 150 nəfər siyasi məhbus yenə də həbsdə qaldı. Deməli, rejim xalqımızla qarşıdurma siyasətini davam etdirməkdə qərarlıdır. Girov əqidə dostlarımızı azad etmək üçün bütövlükdə ölkəmizi azad etmək lazımdır”.