Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərində gərginlik fonunda Azərbaycana gəlib

AFP yazır ki, Türkiyə Prezidentinin səfəri Bakı ilə Ankara arasında son aylarda yaranmış gərginliyi yumşaltmaq məqsədi daşıyır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana rəsmi səfərə gəlib.

Füzuli Beynəlxalq Hava Limanında Prezident Ərdoğanı və həyat yoldaşı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qarşılayıblar.

Səfər iki ölkə arasında son həftələrdə yaşanan siyasi gərginlik fonunda baş tutur.

Fransanın AFP xəbər agentliyi yazır ki, Ərdoğanın Azərbaycana səfərində əsas məqsədlərdən biri Ankara ilə Bakı arasındakı münasibətləri normallaşdırmaqdır. Agentlik gərginliyin Azərbaycanda hicablı şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı məhdudiyyətlərdən sonra açıq müstəviyə keçdiyini vurğulayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabiq baş müşaviri Oktay Saral və hakim AKP-nin bəzi nümayəndələri Azərbaycandakı hicab məhdudiyyətlərini tənqid etmişdilər. Hakim Yeni Azərbaycan Partiyası isə onların açıqlamalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirmişdi. Daha sonra Saral vəzifəsindən azad olunmuşdu.

Gərginlik fonunda İlham Əliyev oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə iştirak etməmişdi. Azərbaycan tərəfi bunu Prezidentin iş qrafikinin sıxlığı ilə izah etmişdi. Lakin bəzi siyasi müşahidəçilər onun Ankaraya getməməsini iki ölkə arasındakı fikir ayrılıqları ilə əlaqələndirmişdilər.

Ərdoğan isə səfərdən əvvəl bildirmişdi ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin aşa bilməyəcəyi heç bir maneə yoxdur.

Azərbaycanda 8 Noyabr - Zəfər Günü 2020-ci ildə baş vermiş 44 günlük müharibədə qazanılan hərbi qələbənin ildönümü kimi qeyd olunur. 2023-cü ilin sentyabrında keçirilən birgünlük hərbi əməliyyatdan sonra isə Azərbaycan Qarabağ üzərində nəzarəti tam bərpa edib.