Ayətullah Xameneinin dəfnindəki “sirli şəxs”in kim olduğu açıqlandı

İranın Ali lideri Ayətullah Əli Xameneinin dəfn mərasimi zamanı görüntülənən üzü bağlı şəxs sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qara maska və papaq taxan həmin şəxsin mərasim zamanı diqqət çəkməsi müxtəlif ehtimalların ortaya atılmasına gətirib çıxarıb. Sosial şəbəkə istifadəçiləri onun kimliyi ilə bağlı fərqli iddialar səsləndiriblər.

Bəzi istifadəçilər bu şəxsin kimliyini gizli saxlayan yüksək rütbəli dövlət nümayəndəsi və ya təhlükəsizlik əməkdaşı olduğunu iddia edib. Hətta iddialara görə, bu şəxs Ayətullah Əli Xameneinin oğlu Seyid Müctəba Xameneidir.

Lakin İran mətbuatı yayılan iddialara aydınlıq gətirib. “Bazaar” qəzetinin məlumatına görə, görüntüdəki şəxs Ayətullah Əli Xameneinin oğlu Seyid Müctəba Xamenei deyil.

Məlumata əsasən, həmin şəxs ali liderin böyük oğlu Ağa Mustafa Xameneinin oğlu, yəni Ayətullah Xameneinin böyük nəvəsi Məhəmməd Cavad Xameneidir.

Xəbərə görə, Məhəmməd Cavad Xamenei üzünü təhlükəsizlik məqsədilə deyil, aldığı xəsarətləri gizlətmək üçün örtüb. Bildirilir ki, o, ali liderin iqamətgahına edilən hücum zamanı yaralanıb və dəfn mərasiminə bu səbəbdən maska və papaqla qatılıb.