Nazim Bəydəmirlinin başqa cəzaçəkmə müəssisəsinə köçürüldüyü bildirilib

Həbsdə olan iqtisadçı alim və keçmiş deputat Nazim Bəydəmirlinin cəza çəkdiyi müəssisənin dəyişdirildiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli “Azadlıq Radiosu”na məlumat verib. O bildirib ki, Nazim Bəydəmirli mayın 19-da 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Nazim Bəydəmirlinin saxlanma yerinin dəyişdirilməsi ilə bağlı ailəsi və vəkili daha əvvəl Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdi. Buna səbəb onun əvvəl saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində başqa məhbusla yaşadığı insident və sonradan cərimə kamerasına (“kars”) salınması olub.

Fəridə Bəydəmirlinin sözlərinə görə, həmin məhbus əvvəllər də Nazim Bəydəmirlini dəfələrlə təxribata çəkməyə cəhd edib.

Mayın 20-də 6 saylı Cəzaçəkmə Müəssisəsinə gedən Fəridə Bəydəmirli həyat yoldaşı ilə görüşə bilmədiyini deyib. Ona bildirilib ki, Nazim Bəydəmirli müəssisəyə yeni gətirildiyi üçün 14 günlük karantin müddəti keçməlidir. Bu müddətdə onun yalnız vəkili ilə görüşə biləcəyi qeyd olunub.

Fəridə Bəydəmirli əlavə edib ki, əri köçürülməzdən əvvəl 13 saylı müəssisədə baş verənlərə etiraz olaraq beş gün qida qəbulundan imtina edib. Onun sözlərinə görə, əvvəldən sağlamlıq problemləri olan sabiq deputatın vəziyyəti bu səbəbdən daha da ağırlaşıb:

“Buna görə də onun vəziyyətindən çox narahat idik. Heç olmasa, həkim nəzarətindən keçməsini xahiş etdim. Mənə onun vəziyyətinin normal olduğunu dedilər”.

Nazim Bəydəmirli 2023-cü ilin iyulunda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Nazim Bəydəmirli ittihamları qəbul etmir. O, özünü “ekologiya məhbusu” adlandırır və Söyüdlü kəndində sianid gölünün tikintisinə etiraz edən sakinlərə dəstək verdiyinə görə həbs olunduğunu bildirir.

Yerli hüquq müdafiəçiləri də onun həbsinin siyasi motivli olduğunu bəyan ediblər.
2024-cü ilin sentyabrında məhkəmənin hökmü ilə Nazim Bəydəmirli 8 il müddətinə azadlıqdan məhrum edilib.