AİHM ölkədən çıxışına qadağa qoyulan 16 nəfərin şikayəti üzrə Azərbaycan hökumətinə suallar ünvanlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanda müxtəlif vaxtlarda ölkədən çıxışına qadağa qoyulmuş 16 nəfərin şikayətləri üzrə hökumətlə kommunikasiya mərhələsinə başlayıb.

Bu barədə vəkil Fariz Namazlı sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, məhkəmə Azərbaycan hökumətinə müraciət edərək həmin şəxslərin hərəkət azadlığına qoyulan məhdudiyyətlərin hüquqi əsasları və tətbiq edilən prosedurlar barədə izahat istəyib.

Şikayətçilər əsasən müxtəlif cinayət işləri üzrə təqsirləndirilən və ya şahid qismində tanınmış jurnalistlər, ictimai fəallar və digər ictimai fiqurlardır. Onların arasında jurnalistlər Ülviyyə Əli (Quliyeva), Xədicə İsmayıl, Sahilə Aslanova, Nigar Mübariz (Cəfərova), iqtisadçı Toğrul Vəliyev, siyasi şərhçi Şahin Cəfərov, ictimai fəallar Elgiz Qəhrəman və İlhamiz Quliyev də yer alır.

Fariz Namazlı qeyd edib ki, AİHM daha əvvəl Azərbaycana qarşı baxdığı bir sıra işlərdə şahidlərin ölkədən çıxışına qoyulan məhdudiyyətlərin qanunvericilikdə nəzərdə tutulmadığını və kifayət qədər hüquqi əsaslandırmaya malik olmadığını müəyyən edib. Onun sözlərinə görə, bu cür hallar Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsi ilə qorunan hərəkət azadlığı hüququnun pozuntusu kimi qiymətləndirilib.

Vəkil əlavə edib ki, buna baxmayaraq, Avropa Məhkəməsinin qərarlarına rəğmən ölkədə hüquqtətbiqetmə praktikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur və oxşar hallar davam edir.

Azərbaycan qanunvericiliyinə görə, cinayət işləri üzrə şahidlərin ölkədən çıxışına məhdudiyyət qoyulması nəzərdə tutulmur. Miqrasiya Məcəlləsinə əsasən, belə qadağalar yalnız şübhəli və ya təqsirləndirilən şəxslərə tətbiq edilə bilər. Lakin istintaq və məhkəmə təcrübəsində şahid qismində dindirilən şəxslərin də ölkədən çıxışına qadağa qoyulması halları müşahidə edilir.

Namazlı vurğulayıb ki, belə vəziyyətlərdə şəxslər faktiki olaraq ölkəni tərk etmək imkanından məhrum edilir və bu məhdudiyyətlərin effektiv şəkildə məhkəmə qaydasında mübahisələndirilməsi üçün aydın və işlək hüquqi mexanizm mövcud olmur.

AİHM bu yaxınlarda jurnalist Xədicə İsmayılın Azərbaycana qarşı şikayəti üzrə qərar qəbul edib. Məhkəmə onun ölkədən çıxışına qoyulan qadağanı Konvensiyaya zidd hesab edib və Azərbaycan hökumətinə jurnalistə 12 min avro təzminat ödəməyi tapşırıb.