“Musa Kəlimullah” serialının çəklişləri başayıb

İran Dövlət Televiziya və Radio Şirkətinin (IRIB) ən mühüm tarixi-dini layihələrindən biri sayılan “Musa peyğəmbər” teleserialının istehsalına rəsmi olaraq start verilib.

Bu layihə hələ təxminən on il əvvəl planlaşdırılmışdı. İlk rejissor kimi Quran mövzulu “Əyyub peyğəmbər” (ə), “Mağara əhli” və “Yusif peyğəmbər” (ə) kimi serialları ilə tanınan Fərəcolah Salahşur seçilmişdi. Lakin onda ağciyər xərçəngi aşkarlandığı üçün layihəni davam etdirə bilmədi və 2016-cı ildə vəfat etdi. 2018-ci ildə çəkilişlər “Yusif peyğəmbər” serialının ssenari müəllifi Camal Şurcəyə həvalə olunsa da, o insult keçirdi. Nəticədə 2020-ci ildə layihə rejissor İbrahim Hatəmikiyaya tapşırıldı. O, daha əvvəl əsasən müharibə və keçmiş əsgərlərin taleyinə həsr olunmuş filmləri ilə tanınırdı. Rejissor layihəyə başlayarkən daha öncə Qurana əsaslanan əsər çəkmədiyini qeyd edərək bu məsuliyyəti məmnuniyyətlə qəbul etdiyini bildirmişdi.

2024-cü ildə Hatəmikiya İranın ən böyük kino hadisəsi olan “Fəcr” festivalında “Musa peyğəmbər” (“Musa Kəlimullah: sübh çağı”) adlı filmi təqdim etdi. Bu film serialın ilkin – pilot versiyası hesab olunur və Musa peyğəmbərin (ə) erkən həyatından bəhs edir. Filmdə Merila Zareyi, Əlirza Kamali, Bəhnam Təşəkkor, Baharə Kiyan-Əfşar, Fərhad Ayiş kimi tanınmış aktyorlar rol alıblar. Ekran işi həm münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib və ikinci plan kişi rolu, qrim, kostyum, dekorasiya və vizual effektlər daxil olmaqla beş mükafat qazanıb. Film dini dairələr tərəfindən də müsbət qarşılanıb və İranın İslam İnqilabının şəhid edilmiş ali dini lideri Ayətullah Əli Xamenei tərəfindən də təriflənib.

2025-ci ilin sentyabrında IRIB rəhbəri Peyman Cəbəli serialın çəkilişlərinə başlanıldığını elan edib. “Musa Kəlimullah” adlanan serial bioqrafik xarakter daşıyacaq və Musa peyğəmbərin doğumundan vəfatına qədər olan həyatını əhatə edəcək. Ssenari Quran mətnləri və şiə alimi Məhəmməd Hüseyn Təbatəbainin “Təfsir əl-Mizan” əsəri əsasında hazırlanıb.

Layihə beynəlxalq standartlara uyğun şəkildə çəkilir və qlobal auditoriya üçün nəzərdə tutulub. Virtual istehsal texnologiyalarından istifadə edilməsi səbəbindən bu serial İran televiziya tarixində ən iddialı və texnoloji baxımdan qabaqcıl layihələrdən biri hesab olunur və yeni çəkiliş standartları müəyyən etməyi hədəfləyir.

Rejissorun sözlərinə görə, serial 5 mövsümdən ibarət olacaq və hər seriyanın müddəti orta hesabla 50–55 dəqiqə təşkil edəcək. O, ilk mövsümün təxminən 1,5–2 il ərzində yayımlana biləcəyini bildirib.

Aktyorlar çəkiliş meydançasında xüsusi mənəvi atmosferin olduğunu qeyd edirlər.