AXCP Rəcəb Tayyib Ərdoğana və Türkiyə ictimaiyyətinə müraciət ünvanlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə ictimaiyyətinə müraciət ünvanlayıb. Sosial media üzərindən edilən paylaşımda deyilir:
"Hörmətli cənab Prezident, əziz Türk xalqı!
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Türkiyə–Azərbaycan dostluğunu və qardaşlığını daim uca tutan, xalqımızın Rusiya imperiyasının əsarətindən qurtularaq müstəqilliyə qovuşması uğrunda mübarizə aparmış siyasi təşkilatdır.
Bizim dəyişməz prinsipimiz və siyasi praktikamız bundan ibarət olub: iqtidarlar gəlib-gedə bilər, lakin Türkiyə–Azərbaycan təbii müttəfiqliyi əbədidir. Biz heç vaxt ayrı-ayrı iqtidarlar arasında yaranan problemləri və inciklikləri Türkiyə–Azərbaycan münasibətlərinə sirayət etdirməmişik.
Hazırda isə son dərəcə kritik bir vəziyyət yaranmışdır.
AXCP və onun təmsil olunduğu Demokratik Qüvvələrin Milli Şurasına qarşı qanunsuz və ədalətsiz hücumlara, repressiyalara başlayan Azərbaycan hakimiyyəti öz çirkin planlarına Türkiyə Respublikasını da cəlb etməyə çalışır. Söhbət Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan siyasi arenasında Türkiyəyə xüsusi sevgisi ilə seçilən Gültəkin Hacıbəylinin Türkiyədən qeyri-qanuni şəkildə deportasiya edilərək Azərbaycanda həbsə göndərilməsi cəhdindən gedir.
Hörmətli cənab Prezident, dəyərli Türkiyə ictimaiyyəti!
AXCP ciddi narahatlıqla bildirir ki, Gültəkin Hacıbəylinin deportasiyası sıradan bir hüquqi prosedur kimi qəbul edilməyəcək. Türkiyə Respublikasını bu məsələdə son dərəcə həssas və diqqətli olmağa çağırırıq.
Bu, yalnız bir şəxsin – Gültəkin Hacıbəylinin taleyi ilə bağlı məsələ deyil. Deportasiyanın həyata keçirilməsi Türkiyə Respublikası ilə Azərbaycan xalqı, xüsusilə də Türkiyəyə səmimi sevgi bəsləyən kəsim arasında ciddi mənəvi sarsıntı yaradacaqdır.
Gültəkin Hacıbəyli deportasiya edilərək həbs olunsa belə, ömürlük həbsdə qalmayacaq və bir gün azadlığa çıxacaq. Lakin bu hadisə iki qardaş xalqın yaddaşında ikinci Boraltan faciəsi kimi sağalmaz bir yaraya çevrilə bilər.
AXCP ümidvar olduğunu bəyan edir ki, Gültəkin Hacıbəyliyə münasibətdə qanun və ədalət prinsipləri əsas götürüləcək, o, Azərbaycanda insanları siyasi sifarişlə şərləyib həbsə göndərən qüvvələrə təslim edilməyəcək."