Cahad Babakişizadə “Nardaran hadisəsi”nin 10 illiyi ilə bağlı paylaşım edib

Bu gün — 26 noyabr 2015-ci ildə — hakimiyyət tərəfindən həyata keçirilən siyasi motivli “Nardaran əməliyyatı”nın və günahsız insanların qanının axıdılması ilə nəticələnən faciənin 10-cu ildönümüdür. Həmin hadisədə Rəfail və Fərail Bunyadovlar, Sarvan Səfərov və Əkbər Babayev şəhadətə ucalmış, 10-dan artıq şəxs isə müxtəlif dərəcəli güllə yaraları almışdı. Yaralananlardan bəziləri bu gün də həmin güllələri bədənində gəzdirir.

“Nardaran hadisəsi” ilə bağlı həbs olunanlardan 5 nəfəri bu gün də həbsdədir. Həmin hadisəyə görə həbs edilərək sonradan “əfv” olunan bir çox “Nardaran məhbusu” daha sonra yenidən şərlənib uzunmüddətli həbs cəzalarına məhkum edilib.

Sivil insanlara, Nardaran sakinlərinə və vicdan sahibi hər kəsə ağır zərbə vuran bu hadisə, ədalətsiz rejim tərəfindən törədilmiş cinayətlərin nə birincisi, nə də sonuncusudur. Tərtər faciəsi, Gəncə və Quba hadisələri, “Hicaba azadlıq” aksiyaları kimi çoxsaylı olaylar bunun bariz nümunəsidir. Eyni zamanda yüzlərlə dindarın şərlənərək həbs olunması, media nümayəndələri, qadın jurnalistlər, hüquq müdafiəçiləri və son olaraq 6 inanclı xanımın həbsi rejimin qanunsuz addımlarının bu gün də davam etdiyini göstərir.

Artıq on ildir ki, Hacı Tale Bağırzadə və digərlərinin həbsdə saxlanılması rejimin öz hakimiyyətini qorumaq üçün həbs və işgəncəni əsas vasitə kimi gördüyünü ortaya qoyur. Haqsızlıqda həddi aşmaqdan çəkinməyənlərin xalq üçün hansı “sürprizləri” hazırladığı, şiddətin daha hansı səviyyəyə yüksələcəyi bəlli olsa da, mövcud durumun ürəkaçanlıqdan çox uzaq olduğu danılmazdır.

“Nardaran hadisəsi” zamanı şəhid olanlara Allahdan rəhmət, yaxınlarına səbir və təsəlli, əziyyət çəkənlərə isə möhkəm iradə arzulayırıq.

Ədalətin bərqərar olacağı günün ümidi ilə…

Cahad Babakişizadə
MBH üzvü, Umbakı ciddi-qapalı müəssisəsi
26 noyabr 2025-ci il