MBH “Mübariz” medalı ilə hərəkat üzvü Cahad Babakişizadəni təltif edib

Müsəlman Birliyi Hərəkatı (MBH) təsis etdiyi “Mübariz” medalı ilə hərəkat üzvü Cahad Babakişizadəni təltif edib. “Mübariz” medalı 2025-ci il 26 noyabr Nardaran hadisələrinin 10 illiyi münasibətilə hərəkat tərəfindən təsis edilən döş nişanıdır. Medal, hərəkat daxilində xüsusi xidmətləri ilə seçilən üzvlərə hərəkat rəhbəri Tale Bağırzadənin göstərişi ilə təqdim olunur.

MBH-nin ilk medalı uzun illərdir təzyiq və işgəncələrlə üzləşən, inancına və hərəkat üzvlüyünə görə ağır sınaqlardan keçmiş Cahad Babakişizadəyə, göstərdiyi böyük xidmətlərin dəyərləndirilməsi olaraq təqdim edilib.

Qeyd edək ki, Cahad Babakişizadə 2015-ci il 26 noyabr Nardaran hadisələri zamanı həbs olunub. Saxlanılarkən 18 yaşını yenicə tamamlamış bu gənc həmin hadisədə 10 güllə yarası almış şəxslərdən biri olub. O, 27 dekabr 2017-ci il tarixli məhkəmə qərarı ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hazırda Cahad Babakişizadə həbs müddətini ciddi-qapalı rejimli müəssisədə – Umbakı həbsxanasında keçirir.