'Sputnik Azərbaycan'ın icraçı direktoru Rusiyaya göndərilib

"Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx Bakıda həbsdən azad edilərək Rusiyaya yola düşüb. Bu barədə "İnterfax" Rusiya Xarici İşlər Nazirliyinin (XİN) təmsilçisi Mariya Zaxarovaya istinadla xəbər yayıb.

"Kartavıx azad edilib və Rusiyaya yola düşüb", – Zaxarova oktyabrın 19-da jurnalistlərə deyib.

Kartavıx və "Sputnik-Azərbaycan"ın şef-redaktoru Yevgeni Belousov iyunun sonunda Bakıda həbs ediliblər. Bu, Rusiyada etnik azərbaycanlılara qarşı zorakı reydlərdən sonra baş vermişdi. Oktyabrın 9-da Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşündən bir gün sonra Kartavıx ev dustaqlığına buraxılıb. Rusiyada isə Moskva Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevin həbsdən azad edildiyi bildirilib.

Bu barədə prezidentlərin görüşü ərəfəsində razılaşma əldə olunduğu açıqlanıb.