Gürcüstanda İŞİD terrorçuları tutulub

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi Acarıstanda keçirdiyi xüsusi əməliyyat nəticəsində üç nəfəri saxlayıb.

Onların xarici terror təşkilatına qoşulmaqda və terror fəaliyyətinə dəstək verməkdə şübhəli bilindikləri açıqlanıb.

DTX-də keçirilən brifinqdə xidmət rəisinin birinci müavini Laşa Maqradze bildirib ki, əməliyyat zamanı “Təkbirçi” adlı radikal qruplaşmanın üzvləri müəyyən edilib. Bu qrupun İŞİD terror təşkilatı ilə əlaqələri olub və onların Gürcüstana qanunsuz yolla gətirilməsi, hərbi təlimlərin təşkili və maddi-texniki dəstəyin təmin edilməsi planlaşdırılıb.

Axtarışlar zamanı partlayıcı maddələr, odlu silahlar, sursat, hərbi avadanlıqlar, elektron cihazlar, mobil telefonlar və çoxlu miqdarda nağd pul aşkarlanaraq müsadirə edilib.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə istintaq aparılır. Qanuna əsasən, xarici terror təşkilatına qoşulmaq və terror fəaliyyətinə yardım etmək 17 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.