Rusiyanın sentyabrın 20-də Ukraynaya etdiyi kütləvi raket və dron hücumları zamanı Polşa və digər NATO ölkələrinin təyyarələri havaya qaldırılıb.
NATO üzvlərinin bu addımı Rusiyanın son həftələr Estoniya, Polşa və Rumıniya hava məkanlarına müdaxiləsi fonunda baş verib. Polşa ordusunun operativ komandanlığı ölkəsinin ordusunun maksimal hazırlıq vəziyyətində olduğunu açıqlayıb.
Ukrayna isə Rusiyanın bugünkü hücumu zamanı 579 PUA, 32 qanadlı raket və 8 ballistik raketdən istifadə etdiyini açıqlayıb. Ölkə prezidenti Volodimir Zelenski hücum nəticəsində 3 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib:
“Düşmənin hədəfi bizim infrastrukturumuz, yaşayış binaları və mülki müəssisələr olub. Dneprdə kasset döyüş sursatları ilə dolu raketin hündürmərtəbəli binaya dəyməsi qeydə alınıb”.
Zelenski həmçinin NATO-nu yenidən Ukrayna ilə müştərək hava hücumunda müdafiə sahəsində əməkdaşlığa çağırıb.
NATO sentyabrın 12-də “Eastern Sentry” adlı fəaliyyətini elan edib. Bunun nəticəsində Britaniya, Danimarka, Fransa və Almaniyadan əlavə hərbi texnika alyansın şərq qanadına yerləşdirilib. NATO bu addıma Rusiyanın Polşa və Rumıniyanın hava məkanı dronlarla pozmasından sonra gedib. Sentyabrın 19-da isə Rusiyanın 3 MiQ-31 təyyarəsinin Estoniyanın hava məkanını pozublar. Daha sonra havaya İtaliyaya məxsus F-35-lər qaldırılıb. Rusiya isə Estoniyanın hava məkanını pozmadığını təyyarələrin Kalininqrada hərəkət etmək üçün havada olduqlarını açıqlayıb.
Rusiya Ukraynaya etdiyi kütləvi raket və dron hücumları NATO qüvvələrini hərəkətə keçirdi