Suriyada hökumət qüvvələri ilə kürdlər arasında silahlı toqquşma başlayıb

Suriyanın keçid hökumətinin qoşunları ölkənin şərqindəki Deyr əz-Zor əyalətində kürd silahlıları ilə toqquşub.

Suriya televiziyasının məlumatına istinadən xəbər verir ki, Fərat çayının şərq və qərb sahillərində şiddətli atışma gedir, tərəflər pulemyot və qumbaraatanlardan istifadə edir. Zərərçəkənlər barədə məlumat verilməyib.

Ötən gün Suriya komandanlığı Ətrayya-Rəssafa magistral yolu boyunca Rakkanın cənub-şərqindəki təmas xəttinə əhəmiyyətli əlavə qüvvələr yerləşdirib.

Bundan əvvəl Suriyanın şimalında Hələb əyalətində hökumət qoşunları ilə Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının kürd birləşmələri arasında toqquşma olub. Kürdlər təxribat xarakterli hücumları “hökumət ordusunun sıralarında fəaliyyət göstərən nizam-intizamsız qrupların” üzərinə ataraq, onların atəşkəsi pozduğunu iddia ediblər.

Avqustun 9-da Suriya hakimiyyəti kürdləri Suriyanın işlərinə xarici müdaxiləyə cəhd etməkdə ittiham edərək, Fransa və ABŞ-ın himayəsi altında Parisdə keçirilməsi planlaşdırılan SDF ilə danışıqlarda iştirakdan imtina etdiklərini açıqlayıb.