Nərgiz Absalamovanın 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qaldığı deyilir

“Abzas Media”nın həbsdə olan əməkdaşı Nərgiz Absalamovanın 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qaldığı deyilir.
Bu barədə jurnalist ailəsinə məlumat verib.
O bildirib ki, vəkillə görüşdən qayıdarkən Sevinc Vaqifqızının saxlanıldığı kameraya yaxınlaşaraq ona salam vermək istəyib. Bu zaman onu xüsusi zorakılıqla kameranın qarşısından uzaqlaşdırmağa çalışan Aygül Babayeva adlı nəzarətçi dırnaqları ilə jurnalistin qolunu bir neçə yerdən dərin cızıb. Nəticədə Absalamovanın qolunda yara izləri yaranıb.
Jurnalistin bildirdiyinə görə, bu, həmin nəzarətçinin ilk belə davranışı deyil və o, bundan əvvəl də bir neçə dəfə onlara qarşı xüsusi zorakılıq və kobudluq hallarına yol verib.
“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı bir neçə həftə əvvəl bildirmişdi ki, Aygül Babayeva adlı nəzarətçi ona qarşı da zorakılıq edib.
O deyib ki, ailəsinə zəng etməyə gedərkən həmkarı Elnarə Qasımovanın saxlanıldığı kameranın nəfəsliyinə yaxınlaşıb salam vermək istəyib. Bu zaman Aygül Babayeva onun qolunu şiddətlə sıxaraq divara doğru itələyib.
(Abzas Media)