Batumidə tətil elan edən işçilərlə bağlı "SOCAR" açıqlama yayıb

Batumidə 200-dən çox tətil elan edən işçilərlə bağlı "SOCAR" şirkəti açıqlama verib. 24News.ge xəbər verir ki, məsələ ilə bağlı "SOCAR Georgia"dan BM nəşrinə məlumat verilib. Şirkətin bildirdiyinə görə, tarifin müəyyənləşdirilməsi zamanı əməkhaqqı fondu SEMEK tərəfindən təyin olunur və bu tarifin yenidən nəzərdən keçirilməsi hər 5 ildən bir həyata keçirilir. Hazırkı dövr üçün bu müddət 2028-ci ilə təsadüf edir. 

Bununla belə, "SOCAR" şirkətindən bildirilib ki, SEMEK ilə əməkhaqlarının artırılması üçün digər imkanların müzakirə edilməsi məqsədilə məsləhətləşmələr planlaşdırılır. "Direktorumuz artıq tətil edən işçilərlə görüşmək üçün yerində olub və qayıtdıqdan sonra SEMEK ilə məsləhətləşmələrə başlayacaq. Biz tənzimlənən bir müəssisəyik və bütün xərclərimiz tarifdə nəzərə alınır.

Tarifin müəyyən edilməsi zamanı əməkhaqqı fondu SEMEK tərəfindən təyin edilir və bu tarif yalnız hər 5 ildən bir yenidən nəzərdən keçirilir. Yəni, 2027-ci ildə yenidən nəzərdən keçiriləcək, 2028-ci ilin tariflərinin təyin edilməsi üçün, SEMEK ilə məsləhətləşmələr aparılmalıdır ki, bu məsələ ilə bağlı hansı imkanların mövcud olduğunu öyrənək.

Eyni zamanda, şirkət daxilində əməkhaqlarının artırılması üçün hansısa daxili resursların olub-olmadığını da nəzərdən keçirəcəyik, lakin əsas müzakirələr SEMEK ilə aparılacaq," - deyə "SOCAR Georgia"dan verilən məlumatda deyilir. Xatırladaq ki, Batumidə "SOCAR Georgia" şirkətinin təxminən 200 əməkdaşı tətilə çıxıb. Onlar əməkhaqlarının artırılmasını tələb edirlər.